27 iyun - dünyada mikro, kiçik və orta sahibkarlar günü kimi qeyd edilir.
Dayanıqlı inkişaf məqsədlərinə, eləcə də iqtisadiyyatın davamlı inkişafına verdiyi töhfəyə görə BMT Baş Assambleyasının qətnaməsinə əsasən bu tarix “Kiçik biznesin böyük təsiri” şüarı ilə 2017-ci ildən etibarən qeyd olunur.
FED.az xəbər verir ki, Azərbaycanda sahibkarların təqribən 99,6%-ni KOB subyektləri təşkil edir. Bunun 93,3%-i mikro, 4,5%-i kiçik və 1,8%-i orta sahibkarlıq subyektləridir. Ölkəmizdə KOB subyektləri əsasən ticarət, tikinti, emal, kənd təsərürfatı, logistika və s. sahələrdə fəaliyyət göstərirlər. Ötən il 2020-ci illə müqayisədə KOB subyektlərinin dövriyyəsi orta hesabla 85% artıb.
“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” çərçivəsində hazırlanan ortamüddətli sosial-iqtisadi inkişaf strategiyasında kiçik və orta sahibkarlığın ölkədə iqtisadi artımın və məşğulluğun əsas mənbəyinə çevrilməsi strateji hədəflərdən biri olaraq müəyyən edilib.
Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) KOB sektorunun tənzimlənməsi, biznesə dövlət xidmətlərinin göstərilməsinin yaxşılaşdırılması, KOB maraqlarının müdafiəsi, onların bilik və innovasiyalara, bazarlara və maliyyəyə çıxışının yaxşılaşdırılması istiqamətində fəaliyyət göstərir, KOB-lara bir sıra dəstək və xidmətlər təqdim edir. KOBİA fəaliyyətini biznes sektoru ilə sıx əməkdaşlıq əsasında, onların ehtiyaclarının öyrənilməsi və qarşılanması istiqamətində qurub.
İndiyədək KOBİA-nın KOB inkişaf mərkəzləri tərəfindən KOB-ların biznes biliklərinin artırılması üçün ödənişsiz olaraq təqribən 32 min KOB subyektinin faydalandığı 2400-dən çox təlim keçirilib, 4500-dək sahibkarın yararlandığı 22 min saatdan artıq məsləhət xidməti göstərilib. 500-ə yaxın KOB subyekti üçün ödənişsiz biznes plan hazırlanıb.
Biznesə başlamaq və mövcud fəaliyyətin genişləndirilməsində önəmi nəzərə alınaraq sahibkarların müraciəti əsasında 15, Agentlyin təşəbbüsü ilə isə 25 daxili bazar araşdırması aparılıb. KOB-ların rəqəmsallaşması və innovativ ideyalarının dəstəklənməsi üçün 42 “Startap” şəhadətnaməsi verilib ki, bu sənəd onları 3 il müddətinə innovasiya fəaliyyətindən əldə etdiyi gəlirlər üzrə mənfəət və gəlir vergisindən azad edib.
KOB-ların təhsil, elm, tədqiqat və dəstək istiqamətlərində layihələrinin maliyyələşdirilməsi mexanizmi çərçivəsində 27 KOB subyektinə 500 min manatdan çox qrant vəsaiti verilib. KOB-ların bazarlara çıxışının dəstəklənməsi üçün indiyədək Azərbaycanda və xarici ölkələrdə keçirilmiş 37 sərgi və yarmarkada 850-dən çox KOB subyektinin ödənişsiz olaraq iştirakı təmin edilib. Sahibkarlara vahid məkanda xidmətlərin göstərilməsi üçün indiyədək KOB evlərində 125 mindən çox “G2B” və 7400-ə yaxın “B2B” olmaqla ümumilikdə 132 mindən çox xidmət göstərilib.
Beynəlxalq müstəvidə KOB-larla bağlı çağırışlara və sahibkarlıq sahəsində dövlətin prioritetlərinə uyğun olaraq KOB subyektlərinə dəstək davam etdiriləcəkdir.