Bu ilin may ayında qəbul edilən yeni qanuna görə, Azərbaycanda şirkətlər "gerçək sahibləri” barədə daha şəffaf məlumatları təqdim etməlidir.
FED.az xəbər verir ki, bu Vergi Məcəlləsində, “Valyuta tənzimi haqqında”, “Kommersiya sirri haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Respublikasının qanunlarında edilmiş və may ayında qüvvəyə minmiş dəyişikliklərdə nəzərdə tutulub.
2025-ci il mayın 15-dən qüvvəyə minmiş yeni qanun dəyişikliyi ilə hüquqi şəxslərin, yəni şirkətlərin və təşkitların əsl idarəçiləri və benefisiarları, yəni əsl sahibləri dəqiq açıqlanacaq.
Dəyişikliyinə əsasən, şirkətlər öz benefisiar mülkiyyətçiləri barədə məlumatları dövlət orqanlarına təqdim etməli olacaqlar.
Benefisiar mülkiyyətçi nədir?
Qanunda deyilir ki, benefisiar mülkiyyətçi son nəticədə hüquqi şəxsə və ya xarici hüquqi təsisata nəzarəti həyata keçirən və ya hüquqi şəxsin, yaxud xarici hüquqi təsisatın əsl sahibi olan və (və ya) xeyrinə əməliyyat aparılan və (və ya) əqdlər bağlanılan, habelə son nəticədə hüquqi şəxs və ya xarici hüquqi təsisat üzərində effektiv nəzarəti həyata keçirən fiziki şəxs və ya şəxslər nəzərdə tutulur.
Daha sadə formada desək, benefisar mülkiyyətçi şirkətin arxasındakı həqiqi sahibdir. Yəni sənəd üzərində deyil, son nəticədə o şirkətə nəzarət edən və qazanc götürən fiziki şəxsdir. Məsələn, şirkətin sahibi A adlı şəxsdir, amma bütün qərarları qəbul edən və qazanc götürən şəxs B-dirsə, burada B adlı şəxs benefisiar mülkiyyətçi hesab edilir.
Kimlər benefisiar mülkiyyətçi hesab olunur?
Yeni qanunvericiliyə əsasən, hüquqi şəxsə nəzarət edən və ya ondan gəlir götürən aşağıdakı şəxslər benefisiar mülkiyyətçi hesab edilir:
Şirkət payçısı olan şəxs – əgər fiziki şəxs bir hüquqi şəxsin nizamnamə kapitalının və ya səsvermə hüququnun azı 10 faizinə sahibdirsə, o, benefisiar mülkiyyətçidir;
Dolayı nəzarət edən şəxs – şirkətə birbaşa deyil, vasitəçi qurumlar və ya şəxslər üzərindən nəzarət edən və qərarları yönləndirən şəxs də benefisiar sayılır;
Müqavilə əsasında təsir göstərən şəxs – rəsmi pay sahibi olmasa belə, müqavilə və ya başqa hüquqi əsasla şirkət qərarlarına mühüm təsir göstərən şəxs benefisiar hesab edilir;
Rəhbər şəxs – əgər benefisiar mülkiyyətçi müəyyən edilə bilmirsə, həmin şirkətə rəhbərlik edən şəxs (məsələn, direktor və ya icraçı) benefisiar kimi tanınır;
Xarici hüquqi təsisatlarda – trast və ya oxşar xarici qurumlar üçün təsisçi, idarəçi, benefisiar (və ya benefisiarlar qrupu), habelə effektiv nəzarəti həyata keçirən istənilən fiziki şəxs benefisiar sayılır.
Yeni qaydalara görə, artıq hər bir hüquqi şəxs və xarici şirkətlərin Azərbaycandakı nümayəndəlikləri real sahibləri, yəni benefisiar mülkiyyətçiləri barədə dəqiq və təsdiqlənmiş məlumatlara malik olmalı, həmin məlumatları lazımi qurumlara təqdim etməlidir. Bu məlumatlar şəxsin adı, soyadı, doğum tarixi, vətəndaşlığı, yaşayış ünvanı və şirkətə təsir imkanlarını əhatə edir. Əgər həmin şəxs siyasi vəzifə tutan biri ilə qohumluq və ya yaxın münasibətdədirsə, bu da qeyd olunmalıdır.
bütün şirkətlərə də şamil olunur. Müəssisələrin ölçüsünə görə məlumat təqdim etmək üçün son tarixlər müəyyən olunub. İri sahibkarlıq subyektləri bu məlumatları 2025-ci ilin sonunadək, mikro sahibkarlar isə 2027-ci ilin sonunadək təqdim etməlidirlər.
Yeni tələblər "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanuna uyğun olaraq qəbul edilib və beynəlxalq maliyyə təhlükəsizliyi standartlarına uyğunluq məqsədi daşıyır.
Bəzi məlumatlara görə, benefisiarlar haqqında məlumatlar məlumatların ictimaiyyətə açıq olmayacağı, yalnız aidiyyəti dövlət qurumlarının bu məlumatlara çıxış imkanının olacağı da qeyd edilir. Amma aprel ayında bununla bağlı «Kommersiya sirri haqqında» qanuna də dəyişiklik edilib, dəyişikliyə əsasən, şirkətin benefisial mülakiyyətçiləri, yəni əsl sahibləri haqqında məlumatlar daha KOMMERSİYA SİRRİ HESAB EDİLMƏYƏCƏK.
Maliyyə monitorinqi orqanı təqdim edilən məlumatları yoxlamaq səlahiyyətinə malikdir. Əgər şübhəli məqamlar aşkar olunarsa, şirkətdən əlavə sənədlər tələb edilə bilər və bu sənədlər 3 iş günü ərzində monitorinq orqanına təqdim edilməlidir.
Bundan sonra Azərbaycanda yeni şirkət qurmaq istəyənlər qeydiyyat zamanı öz benefisiar mülkiyyətçiləri barədə ətraflı məlumat verməli olacaqlar. Bu yanaşma həm şəffaflığın artırılması, həm də çirkli pulların yuyulması və maliyyə cinayətlərinə qarşı mübarizənin gücləndirilməsi baxımından mühüm addım kimi dəyərləndirilir.
Hüquqi şəxslər üçün məlumat təqdim etmə müddətləri aşağıdakı kimidir:
İri sahibkarlıq subyektləri üçün - 31 dekabr 2025-ci il tarixinədək;
Orta sahibkarlıq subyektləri üçün - 30 iyun 2026-cı il tarixinədək;
Kiçik sahibkarlıq subyektləri üçün - 31 dekabr 2026-cı il tarixinədək;
Mikro sahibkarlıq subyektləri üçün - 31 dekabr 2027-ci il tarixinədək;
Qeyri-hökumət təşkilatları və dini qurumlar üçün - 30 iyun 2026-cı il tarixinədək.
Belə ki, İnzibati Xətalar Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, həm benefisiar mülkiyyətçilərin kiliyi, həm də benefisiarın, yəni şirkətin sahibinin dəyişməsi barədə məlumatın verilməməsinə görə cərimələr tətbiq ediləcək.
Belə ki, Məcəllənin 403-1-ci maddəsinə (Hüquqi şəxsin benefisiar mülkiyyətçisi barədə məlumatların və sənədlərin təqdim edilməməsi) əsasən şirkətlərin benefisiar mülkiyyətçisi barədə məlumatların təqdim edilməməsinə görə, vəzifəli şəxslər 1000-2000 manat, hüquqi şəxslər 2500-3000 manat cərimə ediləcəklər.
Benefisiarlar barədə sənədlərin təqdim edilməməsinə görə də vəzifəli şəxslər 1000-2000 manat, hüquqi şəxslər 2500-3000 manat cərimə ediləcəklər.
Şirkətin sahibi dəyişdikdə isə bu barədə məlumat verilməməsinə görə, vəzifəli şəxslər 200-300 manat, hüquqi şəxslər 500-700 manat cərimə ediləcəklər – Maddə 403-2.
Sözügedən qanunların təsdiqlənməsi haqqında Azərbaycan prezidentinin 15 may 2025-ci il tarixli fərmanına əsasən, şirkətlərin benefisiarlarının düzgün göstərilməsinə «maliyyə kəşfyiyyatı» - Maliyyə Monitorinqi Xidməti nəzarət edəcək. Bununla əlaqədar olaraq Xidmətin nizamnaməsinə dəyişiklik edilib, eyni zamanda onun əməkdaşlarının sayının artırılması nəzərdə tutulur.