Azərbaycanda rəsmi reklam müqavilələrinin sayı kəskin artıb.
FED.az xəbər verir ki, 2018-ci ildə ölkənin şirkətləri tərəfindən 8 858 reklam müqaviləsi bağlanıb ki, bu da 2017-ci illə müqayisədə 62% artıqdır. 2017-də ölkə üzrə imzalanmış reklam müqavilələrinin sayı 5 469 idi.
Eləcə də bax: Bloqqerlərin reklamı daha təsir etmir – ŞİRKƏTLƏR FƏRQLİ ÜSUL AXTARIR
2018-ci ildə ən çox reklam edilən sahələr qeyri-ərzaq və ərzaq malları olub.
2018-ci ildə ən çox artım və ən çox reklam verilən sahələr, elm və təhsil, səhiyyə, sosial reklam, ərzaq və qeyri ərzaq malları üzrə olub. Daşınmaz əmlak və turizm sektorunda isə əksinə reklam müqavilələrinin sayında azalma olub.
Bağlanmış reklam müqavilələrinin 1 796-sı qeyri-ərzaq mallarının reklamı üzrə olub. Bu göstərici 2017-ci illə müqayisədə 2 dəfədən çoxdur.
Ərzaq mallarının reklamı üzrə ötən il 1 254-müqavilə imzalanıb. Qeyd edilən sahəyə verilən reklam 2017-ci illə müqayisədə 3,17 dəfə artıb.
Ən çox artım göstərən sahələr
Sosial reklamlar üzrə müqavilələrin sayı 2017-ci illə müqayisədə 12,5 dəfə artaraq 337-yə çatıb. 2017-də belə reklamların sayı 27 idi.
Ölkənin maliyyə sektoru da reklam sahəsində fəallığı ilə yadda qalıb. Maliyyə (bank, siğorta, investisiya xidmətləri və qiymətli kağızlar) sektorunda reklam müqavilələrinin sayı 2017-ci illə müqayisədə 11 dəfə artaraq 28-dən 306-ya yüksəlib.
Səhiyyə sahəsində reklam müqavilələrinin sayı 4-dən 72 dək artaraq 18 dəfəlik artım göstərib.
Digər sahələrlə müqayisədə reklam müqaviləsinin sayında ən çox artım elm və təhsil sahəsində olub. Bu sahədə reklam müqavilələrinin sayı 27,50 dəfə artaraq 2-dən 55-ə qalxıb.
Digər xidmətlər üzrə xərclər 2017- ci illə müqayisədə 944 say və ya 23,17% artaraq 5 018 təşkil edib.
Reklamların azaldığı sahələr
Yuxarıda sadalananlardan fərqli olaraq daşınmaz əmlak və turizm sahəsində imzalanan reklam müqavilələrində azalma qeydə alınıb.
Belə ki, 2017-ci ildə daşınmaz əmlak sahəsində 13 müqavilə imzalandığı halda, 2018-ci ildə bu say 9 olub. Turizm sahəsində isə 2 dəfədən çox azalma olub. 2017-ci ildə bu sahədə 28 müqavilə olduğu halda hazırda bu say 11-dir.