Azərbaycanda fevral ayı üzrə ən çox istifadə olunan sosial şəbəkələrin statistikası məlum olub.
FED.az biznes və maliyyə xəbərləri portalı “Statcounter” beynəlxalq şirkətinə istinadən xəbər verir ki, 7 əsas sosial şəbəkə içərisində Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkə “İnstagram” olub. Sosial şəbəkənin Azərbaycandakı payı 41,25% təşkil edib.
Bu göstərici əvvəlki ay ilə müqayisədə 5,2 faiz, ötən ilin fevral ayı ilə müqayisədə isə 9,24 faiz çoxdur. Qeyd edək ki, ötən ilin fevralında “İnstagram” 32% paya malik idi.
«Facebook»un isə Azərbaycanda populyardığı azalır. Sosial şəbəkənin Azərbaycan üzrə payı son bir ildə 5,4% azalaraq 21,6%-ə enib.
Siyahıda üçüncü yeri tutmuş “Pinterest”in payı fevral ayında 17,44%-ə bərabər olub. Bu da illik müqayisədə isə 2,8% çoxdur.
“Youtube” platforması aktivliyinə görə Azərbaycanda zəifləməkdədir. Son bir ildə “Youtube”un bazar payı 4% azalaraq 11,43%-ə düşüb.
Beşinci sırada 4% paya malik olan X (keçmiş “Twitter”) gəlir. Platformanın Azərbaycandakı populyarlığı son bir ildə 2,4% azalıb.
“Reddit” sosial şəbəkəsinin Azərbaycandakı payı 1,83% təşkil edib. Bu da il ərzində isə 0,28% artım deməkdir.
İşgüzar sektor üçün “Linkedn” platformasının payı isə ötən ilin eyni dövrünə nəzərən isə 0,19% artaraq 1,45%-ə yüksəlib.