MTM (Media Təhlil Mərkəzi) vətəndaşlar arasında marketlər və orada satılan məhsullarla bağlı sorğu keçirib. Sorğuda iştirak edən 1140 respondentin 49%-i qadınlar, 51%-i kişilər olub.
«Ən ucuz market bizik» sözü «Araz Supermarket»ə baha başa gəldi - 2,5 MİLYON MANAT CƏRİMƏ!
FED.az xəbər verir ki, sorğu iştirakçıları daha çox alış-veriş etdikləri marketlərin adlarını açıqlayıblar.
İlk sualla sorğu iştirakçılarının qida alış-verişini hansı şəbəkələrdən etdiyini müəyyənləşdirmək mümkün olub. Bir neçə variant seçmək imkanına malik olan respondentlərin 82%-i supermarketlərdən, 28%-i hipermarketlərdən, 25%-i bazardan, 8%-i ekspress marketlərdən alış-veriş etməyə üstünlük verdiyini deyib. Başqa mağazalara üz tutanlar isə cavab verənlərin 9%-ni təşkil edib.
Sorğu iştirakçıları növbəti sualı cavablandırmaqla daha çox alış-veriş etdikləri marketlərin adlarını açıqlayıblar. Bir neçə variant seçmək imkanına malik olan respondentlərin fikirləri aşağıdakı kimi olub:
Bravo Supermarket – 44%;
Araz Supermarket – 43%;
Bazarstore – 40%;
OBA Market – 30%;
Digər – 25%;
AL Market – 20%;
Rahat Supermarket – 10%;
Bizim Market – 9%;
Bolmart – 8%;
Grandmart – 6%;
Neptun Supermarket – 5%;
Fresco Supermarket – 1%.
Respondentlər müxtəlif variantlar seçməklə alış-veriş etdikləri marketlərin üstünlüklərini bildiriblər. Davamlı olaraq alış-veriş etdiyi marketi bol çeşidli olduğu üçün seçdiyini deyənlər iştirakçıların 65%-ni təşkil edib. Cavab verənlərin 51%-i market seçimində qiymətlərin münasibliyinə, 42%-i endirim və ya bonus kartlarının keçərli olmasına, 36%-i məhsulların təzə olmasına üstünlük verir. Respondentlərin 33%-i seçim edərkən plastik kartla ödəniş etmək imkanlarının mövcudluğunu, 24%-i marketin 24 saat çalışmasını önəmli hesab edir. Sorğunun nəticələri göstərir ki, iştirakçıların 20%-i üçün market personalının nəzakətli olması daha vacibdir. Cavab verənlərin 10%-i növbə olmayan mağazaların daimi müştərisidir. “Digər” variantını seçənlər isə iştirakçıların 12%-ni təşkil edib.
Respondentlərin 54%-i marketlərdə satılan məhsulların keyfiyyətini qənaətbəxş hesab edir. Sorğu iştirakçılarının 42%-i tam razılığını, 4%-i isə narazılığını bildirib.