FED.az Banker.az-a istinadən "Azərbaycanda dövlətin maliyyə dəstəyi mexanizmləri" adlı məqaləni təqdim edir.
Eləcə də bax: “Bu, sahibkarlara maliyyə dəstəyi göstərməyə imkan verir” - AÇIQLAMA
Azərbaycanda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanların hələ də tam əlçatan olmaması aktual mövzulardan biridir. Hazırda kapital bazarında izafi likvidliyin olduğu halda belə sahibkarlar bir çox hallarda mövcud maliyyə resurslarından yararlana bilmirlər. Buna əsas səbəb kredit faizlərinin yüksək olması, girovlara qoyulan tələblər və biznesin qiymətləndirmə meyarlarının kreditin məbləğindən aslı olaraq fəqrli olmasıdır. Biznes kreditləri bir qayda olaraq Bakı və paytaxta yaxın ərazilərdə cəmləşib. Region sahibkarlarının kredit resurslarına çıxışı nisbətən məhduddur və onların əsas ümidi dövlətin güzəştli maliyyələşmə mexanimzlərindən yararlanmaqdır. Lakin təcrübə onu göstərir ki, bir çox hallarda sahibkarlıq subyektləri dövlətin güzəştli maliyyə dəstəyi mexanizmlərindən xəbərsizdir.
Beynəlxalq təcrübədə olduğu kimi Azərbaycanda da kiçik və orta sahibkarlıq subyektlərinin inkişafına, o cümlədən maliyyələşməsinə dövlət dəstəyini təmin edən bir sıra təsisatlar fəaliyyət göstərir. Bu təsisatlar aşağıdakılardır:
- Sahibkarlığın İnkişafı Fondu;
- Aqrar Kredit və İnkişaf Agentliyi;
- İnnovasiyalar Agentliyi;
- Gənclər Fondu;
- Azərbaycan İnvestisiya Şirkəti.
Bu qurumların əsas xüsusiyyəti ondan ibarətdir ki, onların verdikləri kredit resursları dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına təmin edilir. Eyni zamanda bu təsisatların verdikləri kreditlər güzəştli kateqoriyasına malikdir və bazar səviyyəsində dəfələrlə ucuzdur. Qısa olaraq bu təsisatların fəaliyyət istiqamətləri və maliyyə dəstəyininin göstərilməsi şərtləri ilə tanış olaq.
Sahibkarlığın İnkişafı Fondu (SİF)
Fondun vəsaiti qeyri-neft sektorunun inkişafı, innovativ texnologiyaların tətbiqi və ixrac əməliyyatları üzrə investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldilir. Fond 1992-ci ildə
yaradılmasına baxmayaraq aktiv fəaliyyətə 2002-ci ildən Sahibkarlığa Kömək Milli Fondu kimi başlamışdır. Sahibkarlığın inkişafına dəstək mexanizminin təkmilləşdirilməsi və özəl sektorda fəaliyyət göstərən təsərrüfat subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi məqsədilə 2018-ci ilin iyul ayında Sahibkarlığa Kömək Milli Fondu ləğv edilərək, İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxsi yaradılıb.
Fondun kreditlərinin illik faiz dərəcəsi 1%, müvəkkil kredit təşkilatlarının tətbiq etdikləri illik faiz dərəcəsi isə 4%-dən artıq olmamaq şərti ilə, ümumilikdə güzəştli kreditlərin illik faiz dərəcəsi 5% müəyyən edilir. Kreditlərdən istifadə üzrə güzəşt müddəti sahibkarlıq subyektinin fəaliyyətinin xarakterindən asılı olaraq müəyyən edilir və kreditin istifadə müddətinin ilk 1/2
dövrünü əhatə edə bilər. Güzəşt müddətində sahibkarlar yalnız faiz borclarını ödəyir. Hər bir sahibkarlıq subyektinin Fondun vəsaiti hesabına aldığı güzəştli kreditin (o cümlədən bir investisiya layihəsi üzrə) maksimum həddi 10 000 000 manatdan artıq ola bilməz.
Fondun vəsaitindən aşağıdakı hədlərdə güzəştli kredit verilə bilər:
- 5 000 manatdan 50 000 manatadək – kiçikhəcmli kreditlər;
- 50 001 manatdan 1 000 000 manatadək – ortahəcmli kreditlər;
- 1 000 001 manatdan 10 0000 00 manatadək – böyükhəcmli kreditlər.
Fondun güzəştli kreditlərinin müddətləri aşağıdakı kimi müəyyən edilir:
- kiçikhəcmli kreditlər üçün – 3 (üç) ilədək;
- ortahəcmli kreditlər üçün – 5 (beş) ilədək;
- böyükhəcmli kreditlər üçün – 10 (on) ilədək.
Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA)
Agentliyin vəsaiti aqrar bölmənin inkişafı layihələrinin və kənd təsərrüfatı istehsal vasitələrinə verilən güzəştlərin maliyyələşdirilməsinə yönəldilir. 2004-cü ildə Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi yaradılmışdır. Lakin 2018-ci ilin dekabr ayında Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin strukturu əsasında Aqrar Kredit və İnkişaf Agentliyi formalaşdırılmışdır.
Agentlik cəlb etdiyi vəsaitləri illik 2% tətbiq etməklə müəyyən edilmiş qaydada müvəkkil kredit təşkilatlarına verir. Müvəkkil kredit təşkilatlarının Agentliyin kredit vəsaitinə tətbiq etdiyi illik faiz dərəcəsinin ən yüksək həddi 7%-dən artıq ola bilməz. AKİA-nın vəsaitlərindən aşağıdakı istiqamətlərdə istifadə edilir:
- kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, saxlanması və satışı proseslərinin təkmilləşdirilməsi ilə bağlı layihələrin maliyyələşdirilməsi;
- regionların aqrar inkişafı ilə bağlı innovativ layihələrin maliyyələşdirilməsi;
- kənd təsərrüfatı istehsal vasitələrinin təchizatının yaxşılaşdırılması ilə bağlı layihələrin, həmçinin onların güzəştli satışının və lizinqinin maliyyələşdirilməsi;
- heyvandarlıq təsərrüfatlarının dövlət-özəl tərəfdaşlığı tətbiq edilməklə inkişafı sahəsində layihələrin maliyəşdirilməsi;
- Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin pilot layihələrinin maliyyələşdirilməsi.
-
Kreditlərin verilmə həddi:
- 5000 manatadək- mikrokreditlər;
- 5001 manatdan 30000 manatadək – kiçikhəcmli kreditlər;
- 30001 manatdan 100000 manatadək – ortahəcmli kreditlər;
- 100001 manatdan 200000 manatadək – böyükhəcmli kreditlər;
- 1000000 manatədək – kənd təsərrüfatı istehsal vasitələrinin alınması üçün kreditlər.
Kreditlər üzrə güzəşt müddəti:
- Mikrokreditlər – 12 ayadək;
- Kiçik və ortahəcmli kreditlər -18 ayadək;
- Böyükhəcmli kreditlər – 24 ayadək;
- Alınmasında güzəşt tətbiq edilən kənd təsərrüfatı istehsal vasitələri üçün kreditlərə güzəşt müddəti şamil edilmir;
- Güzəşt müddətində sahibkarlıq subyekti yalnız faiz borcunu ödəyir, əsas borc üzrə hər hansı ödəniş həyata keçirmir.
İnnovasiyalar Agentliyi
Azərbaycan Respublikasının Prezidenti 6 noyabr 2018-ci il tarixli Fərmanına əsasən, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun və “Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin əsasında nazirliyin tabeliyində İnnovasiyalar Agentliyi yaradılıb.
İnnovasiyalar Agentliyi yerli sahibkarlara müasir texnologiya və texnoloji avadanlıqların əldə olunmasında yardım göstərən, onların transferini təşkil edən, innovasiyaya əsaslanan elmi tədqiqatları dəstəkləyən, innovativ layihələri, o cümlədən startapları stimullaşdıran, onları qrant, güzəştli kredit və vençur vasitəsilə maliyyələşdirən agentlikdir. Agentliyin əsas məqsədi İKT sektorunun davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılması, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsi, elmi tədqiqatların aparılması, yeni texnologiyaların işlənilməsi üzrə müasir komplekslərin yaradılmasıdır.
Agentliyin fəaliyyət istiqamətləri:
-
- İKT sahəsində fəaliyyət göstərən hüquqi şəxslərin nizamnamə kapitalındakı iştirak payını, o cümlədən səhmlərini almaqla müddətli investisiya qoyuluşu;
- Müvəkkil kredit təşkilatları vasitəsilə güzəştli kreditlər şəklində İKT sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maliyyələşdirilməsi;
- İnnovativ və tətbiqi elmi-texniki layihələrin (startap layihələri) qrant maliyyələşdirilməsi.
Gənclər Fondu
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 19 dekabr Fərmanı ilə Gənclər və İdman Nazirliyinin yanında Gənclər Fondu yaradılmışdır. Gənclər Fondunun fəaliyyət istiqamətləri:
1. Gənc sahibkarlara dəstək – Gənclərin təqdim etdikləri innovativ layihələrin (startap) maliyyələşdirilməsi üçün Fondun vəsaiti hesabına müvəkkil banklar vasitəsilə 1.000 AZN-dən 50.000 AZN-dək güzəştli kreditlər ayırır.
2. Təhsil sahəsində dəstək – İxtisas və təhsil proqramları üzrə ölkənin ehtiyacları nəzərə alınmaqla, Fondun vəsaiti hesabına gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilini maliyyələşdirir. Buna təhsil haqqı, yaşayış, sığorta, viza və nəqliyyat xərcləri daxildir. Magistr və daha yuxarı təhsil pillələri üçün hər tədris ilinin əvvəlində universitetlər və ixtisasların siyahısı elan edilir. Bundan əlavə, sosial müdafiəyə xüsusi ehtiyacı olub təhsil alan istedadlı gənclərə təhsil müddətində təhsil xərclərinin ödənilməsi üçün Fondun vəsaiti hesabına maliyyə dəstəyi göstərilir. Əsas meyar kimi gənc tələbənin davamiyyəti, təhsil göstəriciləri və müraciət edənin həssas sosial qrupa aid olmasıdır.
- Qrant müsabiqələri – Gənclər Fondu gənclərin fərdi layihələrinin qrant şəklində maliyyələşməsi üzrə müsabiqələr təşkil edir. Müsabiqədə Azərbaycan Respublikasının vətandaşı olan 18-29 yaş kateqoriyasına daxil olan gənclər iştirak edə bilər. Müsabiqə çərçivəsində gənclər C kateqoriya üzrə layihə təqdim edə bilər. Müsabiqəyə təqdim olunmuş layihələrin icra müddəti 3 aydan az, 6 aydan çox olmamalıdır. Layihələr üçün ayrılan qrantın məbləği 5.000 AZN-ə qədər ola bilər.
- Beynəlxalq tədbirlərdə iştirakın maliyyələşdirilməsi – Beynəlxalq tədbirdə iştirakın maliyyələşdirilməsi üçün 16–29 yaş həddində olan ictimai fəal, istedadlı, yaradıcı gənclər və gənc tədqiqatçılar müraciət edə bilərlər. Maliyyələşdirməyə qərar verildiyi halda beynəlxalq tədbirdə iştirakla bağlı tədbirdə iştirak haqqı, nəqliyyat və yaşayış xərci Fond tərəfindən qarşılana bilər. Fond həmçinin gənclərin beynəlxalq təşkilatlarda təcrübə proqramlarında iştirakını maliyyələşdirir.
- Məşğulluğun təmin edilməsi – Gənclərin məşğulluğunu təmin etmək, eləcə də işə düzəlməkdə çətinlik çəkən gənclər üçün əlavə iş yerləri yaradan işəgötürənləri həvəsləndirmək məqsədilə işəgötürənlə bağlanmış razılaşma müqaviləsinə uyğun olaraq, gənclərin işə cəlb edilməsini nəzərdə tutan layihələr çərçivəsində gənclərə ödəniləcək əməkhaqqını 1 (bir) ildən çox olmayan müddət ərzində Fondun vəsaiti hesabına qismən maliyyələşdirilir.
- Beynəlxalq təşkilatlarda təcrübə proqramlarında iştirakın maliyyələşdirilməsi – Beynəlxalq təşkilatlarda təcrübə proqramlarında iştirakın maliyyələşdirilməsi üçün 16–29 yaş həddində olan bilikli gənclər müraciət edə bilərlər. Müsabiqədə qalib gələn gənclərin ən çoxu 3 ay müddətinə olmaqla beynəlxalq təşkilatların təcrübə proqramlarında iştirakı Fond tərəfindən qarşılana bilər.
Azərbaycan İnvestisiya Şirkəti (AİŞ)
“Azərbaycan İnvestisiya Şirkəti“ ASC ölkə Prezidentinin 30 mart 2006-cı il tarixli “İnvestisiya Fəaliyyətinin Təşviqi üzrə Əlavə Tədbirlər haqqında” sərəncamı ilə yaradılıb və hazırda nizamnamə kapitali 224 milyon manatdır. AİŞ-in əsas məqsədi mövcud və yeni kommersiya müəssisələrinə yerli və xarici investorlar cəlb etməklə və öz vəsaiti hesabına müddətli investisiya qoyuluşları vasitəsilə Azərbaycan ərazisində iqtisadiyyatın qeyri-neft sektorunun inkişaf etdirilməsidir. AİŞ dövlət investisiyalarını müəssisələrin nizamnamə kapitalındakı paylarının alınmasına yönəltməklə bu müəssisələrin fəaliyyətini canlandırır. AİŞ-in investisiya prinsipləri:
- Səmərəli və effektiv layihələrə və ya investisiya fondlarına investisiya qoyuluşları
- Neft və qaz hasilatı və emalı sahələrindən başqa bütün digər sahələrə investisiya qoyuluşları;
- Mövcud şirkətlərə sərmayə qoyuluşlarının edilməsi və ya yeni şirkətlərin təsisi
- Layihədə minoritar iştirak payının əldə edilməsi;
- İstehsal olunacaq məhsulların rəqabətədavamlığı və əsasən ixracyönümlü və ya idxal əvəzləndirici olması;
- Mühasibatlığın və Maliyyə Hesabatlarının Beynəlxalq Standartlara uyğun aparılması və ya onların tətbiqi;
- Maliyyə hesabatlarının müstəqil auditor tərəfindən yoxlanılması;
- Korporativ idarəetmə prinsiplərinin tətbiq edilməsi və investorların hüquqlarının qorunması.
Müəllif:
Elnur Quliyev