"Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC-nin direktoru Bəhruz Camalov Türkiyədə öz şirkətini yaradıb.
FED.az biznes portalı Turan-a istinadən xəbər verir ki, Türkiyənin ticarət reyestrinin qəzetinə əsasən, “B Cotton Tekstil İthalat İhracat Sanayi ve Ticaret Limited” şirkəti 2018-ci ildə Bəhruz Camalov Azərpambıq ASK-ə direktor təyin ediləndən iki ay sonra təsis edilib.
Eləcə də bax: Azərbaycanlılar Türkiyədə 180-dən çox şirkət açıblar - AÇIQLANDI
İstanbuldakı şirkətin nizamnamə kapitalına 47 yaşlı B.Camalov 2,5 mln. lirə (700 min manatdan çox) yatırıb. “B Cotton Tekstil İthalat İhracat Sanayi ve Ticaret Limited” əsas fəaliyyət növü kənd təsərrüfatı texnikasının satışıdır.
Azərpambıq ASK-ə direktor təyin edilənə qədər Camalov “Gilan Vegetables” MMC-nin direktoru və “MKT İstehsalat Kommersiya” pambıq şirkətinin baş direktorunun müavini olub.
“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin yanında “Azərpambıq ASK” MMC pambıq istehsalı, tədarükü, emalı və emaldan alınan məhsulların (pambıq mahlıcı, texniki çiyid, pambıq yağı, köməkçi məhsullar, çiyid cecəsi və s.) satışı ilə məşğul olur. Şirkətin hesabında pambığın əkilməsi, becərilməsi və yığılması üçün 2993 sayda müxtəlif müasir tipli kənd təsərrüfatı texnikası mövcuddur.