Oktyabr ayının 9-da İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təşkilatçılığı ilə “Rəqəmsal Ticarət Forumu: İpək Yolunun Rəqəmsallaşması” mövzusunda üçüncü beynəlxalq konfrans keçiriləcək.
FED.az xəbər verir ki, mərkəzdən verilən məlumata görə, tədbirdə əsasən İpək yolu boyunca rəqəmsal layihələr, maliyyə və bank texnologiyaları, eləcə də e-hökumət həlləri müzakirə mövzusu olunacaq.
Eləcə də bax: Azərbaycanda ilk dəfə - MOBİL İMZA İLƏ MEMORANDUM İMZALANDI
Diqqəti çəkən məqamlardan biri də dünyada ilk e-Rezidentlik proqramının qurucusu, keçmiş icraçı direktoru Kaspar Koryusun iştirakıdır. O, konfransda Estoniya təcrübəsi, inkişaf xətti və gələcək planları barədə iştirakçılara ətraflı məlumat verəcək. Tədbirdə həmçinin ilk dəfə olaraq dövlət-özəl tərəfdaşlığı sazişinin mobil imza ilə imzalanması planlaşdırılır.
Qeyd edək ki, Azərbaycan dünyada Estoniyadan sonra elektron rezidentlik verən ikinci, mobil rezidentlik verən ilk dövlətdir. Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı dünyada yerli sahibkarlar üçün müxtəlif rəqəmsal həllər, qeyri-rezidentlər üçün elektron xidmətlər və müxtəlif ölkələr ilə trans-sərhəd əməliyyatları təqdim edən yeganə platformadır.
Azərbaycanda Rəqəmsal Ticarət Qovşağına aid üçüncü beynəlxalq konfransda ABŞ, İsrail, Rusiya, Böyük Britaniya, Estoniya, Türkiyə, İspaniya və digər ölkələrdən 200-ə yaxın nümayəndə iştirak edəcək.
Apa