Ötən həftə prezident İlham Əliyev “Azərtütün Aqrar Sənaye Kompleksi” MMC-nin özəlləşdirilməsi haqqında sərəncam imzalayıb.
FED.az xəbər verir ki, sərəncama əsasən, şirkət investisiya müsabiqəsi vasitəsilə satışı üsulu ilə özəlləşdiriləcək. Özəlləşdirilmədə yerli investorlarla yanaşı xarici investorlar da iştirak edəcək.
“Azərtütün Aqrar Sənaye Kompleksi” MMC 2018-ci ildə yaradılıb və "Azərbaycan Sənaye Korporasiyası" (ASK) ASC-nin strukturuna daxildir. Cəmiyyətin nizamnamə kapitalı 22 milyon 257 min 298,41 manatdır.
“Azərtütün”ün balansında Balakən, Zaqatala, Qax və Şəkidə 266 ədəd müasir qurutma kamerası, anbarlar, ofislər, tütün istehsalı və emalı üzrə 4 məntəqə, Zaqatalada tütün emalı üzrə bir zavod fəaliyyət göstərir.
Ümumilikdə, “Azərtütün”ün müəssisələrində 194 daimi iş yeri açılıb, daha 500-550 nəfər mövsümi işlərə cəlb olunur.