Azərbaycan Kredit Bürosunda (AKB) yeni skorinq xidmətinin hazırlanmasına başlanılıb. Büronun yaydığı məlumatda bildirilir ki, yeni skorinq modelinin hazırlanması Türkiyənin “Kredi Kayıt Bürosu”nun (KKB) komandası tərəfindən AKB ilə birgə həyata keçirilir.
FED.az xəbər verir ki, bununla bağlı adıçəkilən təşkilatla 1 avqust 2019-cu il tarixində müqavilə imzalanıb.
Eləcə də bax: Bankların borcalanları haqqında QAYDA
KKB-nin mütəxəssislərindən ibarət komanda heyəti sentyabr ayından AKB-də müvafiq işlərə başlamışdır.
“Yeni xidmət AKB-də kredit tarixçəsi subyektləri haqqında toplanmış məlumatların təhlilinə əsasən borcalan davranışlarının öyrənilməsini, əldə edilən nəticələr əsasında fərdi reytinqlər üzrə modelin hazırlanması və tətbiqini nəzərdə tutur.
Həyata keçirilən layihə kredit təşkilatlarında qiymətləndirmə prosedurlarının sadələşdirilməsi, əməliyyat xərclərinə qənaət edilməsi, kredit risklərinin azaldılması, habelə borcalanların maliyyə intizamının möhkəmləndirilməsinə xidmət edəcəkdir.
Layihə planına əsasən müvafiq xidmət 2020-ci ilin aprel ayından etibarən istifadəyə veriləcəkdir.
Bu xidmətdən AKB-yə üzv təşkilatlarla yanaşı, kredit tarixçəsi subyektləri də istifadə edə biləcəklər.
Məlumat üçün bildiririk ki, KKB Türkiyənin qabaqcıl 9 bankı tərəfindən 1995-ci ildə təsis edilmişdir. Türkiyə bazarında uğurla istifadə edilən skorinq modelləri KKB-nin müvafiq komandası tərəfindən hazırlanır”,- məlumatda deyilir.