Azərbaycanda yerli biznes əvə sahibkarlığa dəstək məqsədilə tətbiq edilmiş biznes kreditlərinə zəmanət mexanizmi indiyədək işə düşməyib. Bu barədə FED.az-a həmin mexanizmin tətbiqini həyata keçirməli olan İpoteka və Kredit Zəmanət Fondundan bildirilib.
Xatırladaq ki, Azərbaycanda Kredit Zəmanət Fondu ASC formasında prezident İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli «Azərbaycan Respublikasında sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsinə dövlət dəstəyi ilə bağlı bir sıra tədbirlər haqqında» fərmanı ilə yaradılıb. Fondun yaradılmasında məqsəd sahibkarların maliyyə vəsaitlərinə çıxış imkanlarını artırmaq və bununla sahibkarlıq fəaliyyətini stimullaşdırmaq, maliyyə sahəsində risklərin bölüşdürülməsinə əsaslanan kreditləşdirmə sistemi formalaşdırmaq idi.
Sonradadan bu struktur daha da təkmilləşdirərək həmin vaxt mövcud olan İpoteka Fonduna birləşdirilib. Paralel olaraq Fondun sahibkarlarla işi üzrə tələb olunan bəzi qaydalar da təsdiqlənib. Bura «Sahibkarlar tərəfindən manatla alınan kreditlərə təminat verilməsi Qaydası», «Kredit Zəmanət Fondu ASC-də kredit reytinqi sisteminin və digər risk menecmenti alətlərinin tətbiqi Qaydası», «Sahibkarlar tərəfindən manatla alınan kreditlərə hesablanmış faizlərə görə subsidiya verilməsi Qaydası» və sair aiddir. Amma indiyədək bu qaydalar əsasında kreditlərə təminatın və subsidiyaların verilməsinə başlanmayıb.
Fonddan bildirilib ki, zəmanət mexanizminin tətbiqi bununla bağlı qaydaların hazırlanması səbəbindən ləngiyir, amma bunun hansı qaydalar olduğu dəqiq bildirilmir.