Azərbaycan qadını bu gün biznes sferasının bir çox sahələrində özünü uğurla sınaqdan keçirir. Həm təhsil, həm də bilik və bacarığına görə xanımlar kişilərdən nəinki geri qalmır, hətta hiss olunan dərəcədə üstünlük qazanırlar.
Öz işini qurub iqtisadi azadlıq qazanmaq istəyən qadınların sayı günbəgün artır. Media, reklam, PR, hüquq, tibb kimi sahələrdə qadınlar lider mövqe tutsalar da, şəxsi biznes quranların problemi də az deyil. Biznesin bəzi istiqamətlərində qadın iş adamlarına demək olar, rast gəlinmir.
FED.az xəbər verir ki, “Report” “bir qadının biznesə başlaması üçün nə tələb olunur”, “hansı faktorlar qadınlara mane olur”, “nə kimi sosial və psixoloji amillər qadınların uğurunu əngəlləyir” kimi sualların cavabını axtarıb.
Eləcə də bax: "Maraqlanın, iri, orta müəssisələr niyə bağlanır?" - KOMİTƏ SƏDRİ
Azərbaycanda tanınmış gözəllik salonu şəbəkəsinin yaradıcısı, 25 illik stilist təcrübəsinə malik olan Elnarə Nəhmədova “Report”a açıqlamasında Azərbaycanda xanımların özünü biznesdə təsdiqləməsi üçün hər şəraitin olduğunu bildirib: “Azərbaycanda bir qadının öz bacarığını göstərə biləcəyi yetəri qədər biznes növü mövcuddur. Lakin biznesi qurmaq istər qadın, istərsə də kişi üçün asan deyil. Bunun üçün peşəkar təcrübəyə sahib olmaq lazımdır. Yəni, bir ideyanı biznesə çevirmək üçün, ya özün bu işi dərindən bilməlisən, ya da peşəkarlarla çalışmağa üstünlük verməlisən. Ölkəmizdə bir qadının biznes qurması, onu inkişaf etdirməsi üçün xüsusi heç bir çətinlik yoxdur. XXI əsrdə yaşayırıq və Azərbaycan inkişaf etməkdə olan ölkədir. Yetər ki, xanımlarımız iş həyatına qatılanda ağıllı və səbirli olsunlar”.
Azərbaycanda gözəllik salonu şəbəkəsinin yaradıcısı Elnarə Nəhmədova
Azərbaycanda bir qadının öz bacarığını göstərə biləcəyi yetəri qədər biznes növü mövcuddur. Lakin biznesi qurmaq istər qadın, istərsə də kişi üçün asan deyil
Elnarə Nəhmədova “qadın biznesi” və “kişi biznesi” deyilən anlayışlara bir qədər şübhə ilə yanaşır: “Bəlkə də başqa ölkələrdə belə sərhədlər var. Amma Azərbaycanda mən bunu müşahidə etməmişəm. Bunu öz şəxsi təcrübəmə əsaslanaraq deyirəm. Hətta ətrafımda olan bizneslərdə də bu kimi hallarla üzləşməmişəm. Bacarıqlı, uğurlu insanların ümumi çəkisi kütləyə baxanda hər zaman az olur. Bir insanın bacarığı qadın və ya kişi olmağına görə müəyyənləşdirilməməlidir. Ona görə də bir qadının önünü kəsəndə ciddi fikirləşmək lazımdır. Bəlkə də bununla ölkənin inkişafı geriyə atılacaq. O qadın öz ağlı ilə dünyada yeni kəşflərə yol aça bilər”.
Gender münasibətləri üzrə ekspert Xalisə Şahverdi qadınların bizneslə məşğul olmaları üçün kifayət qədər imkanların olduğunu “Report”a vurğulayıb: “Qadınların sahibkarlıq sahəsində gücləndirilməsi istiqamətində həm dövlətin dəstəyi, həm də beynəlxalq təşkilatların irimiqyaslı layihələri var. Vətəndaş cəmiyyəti təşkilatları da bu məqsədlə 15 ildən çox Azərbaycanın müxtəlif bölgələrində layihələr həyata keçirir. Bunun nəticəsində ölkədə qadın sahibkarların sayı qismən artıb. Amma prosesin arzuolunan səviyyəyə çatması üçün bəzi boşluqlar var.
Məsələn, qadın sahibkarlığının inkişafı üzrə kreditləşmə, vergiqoyma və digər güzəştləri nəzərdə tutan stimullaşdırıcı mexanizmlərin tətbiq edilməsi bu işə böyük təkan verə bilər. O cümlədən, qadınların biznes təşəbbüslərinin dəstəklənməsi və onların biznesinə sərmayənin cəlb olunması, yeni bacarıqlar aşılayacaq təlimlərin regionda təşkili qadın sahibkarlığının inkişaf etməsinə əhəmiyyətli şəkildə dəstək olardı”.
Xalisə Şahverdi psixoloji faktorların qadınların biznes qurmasına ciddi əngəl törətdiyini deyir: “Qadına aid hər şey emosiya və duyğular üzərindən hesablanır, qadın rasionallıqdan uzaq tutulur. Tez–tez deyilir ki, biz kövrək və zəif məxluqlarıq. Qadının bir qoruyucuya və qorunmaya ehtiyacı olduğu düşüncəsi var. Cəmiyyətdə formalaşan bu kimi patriarxal, psixoloji təzyiqlər qadında özünə inamın olmamasına, özünü aşağı qiymətləndirməyə və başqalarından asılılığa gətirib çıxarır. Qadının kişidən sonra ikinci cins kimi qəbul edilməsi, habelə ədalətsiz mühafizəkarlıq, qadının özünü reallaşdırmasına və həyatını arzuladığı şəkildə idarə etməsinə maneə törədən amillərdir.
Gender münasibətləri üzrə ekspert Xalisə Şahverdi
Tez–tez deyilir ki, biz kövrək və zəif məxluqlarıq. Qadının bir qoruyucuya və qorunmaya ehtiyacı olduğu düşüncəsi var. Cəmiyyətdə formalaşan bu kimi patriarxal, psixoloji təzyiqlər qadında özünə inamın olmamasına, özünü aşağı qiymətləndirməyə və başqalarından asılılığa gətirib çıxarır
Qadınların əksəriyyəti cəmiyyətdə oturuşmuş stereotiplərin bir norma olduğunu qəbul edir, cinslərarası ədalətsizliyə və bərabərsizliyə gətirib çıxaran bu halı heç bir halda mühakimə etmir. Stereotiplərin yaratdığı çərçivələr isə qadının azad fərd, maddi və mənəvi cəhətdən müstəqil olmasını əhatələmir. Bu çərçivəni aşan qadınların hamısı irəli gedir, cəmiyyətdə həm bir fərd, həm də vətəndaş kimi hərtərəfli formalaşır. Qadınların irəli getmə, formalaşma, özünü realizə etmə kimi hallarının qarşısını alan bütün amillər, əslində, ciddi hüquq pozuntusudur. Qadının öz iradəsi ilə deyil, oturuşmuş stereotiplər çərçivəsində yaşaması təkcə onun yox, cəmiyyətin tənəzzülünə zəmin yaradır”.
Xalisə Şahverdinin fikrincə, davamlı biznesin qurulması sadəcə maliyyə dəstəyi yox, bilik və bacarıqların artırılmasına yönələn dəstək proqramlarını da əhatə edir: “Bu dəstəyi alan qadın sahibkarlıqda niyə də uğurlu olmasın? Hazırda sahibkarlıqda qadınların sayının azlıq təşkil etməsi sırf stereotiplər və sosial-iqtisadi amillərlə əlaqəlidir. Təkcə sahibkar qadınları dəstəkləməklə deyil, daha çox sayda qadının sahibkarlığa marağının artmasını təşviq etməklə ölkə iqtisadiyyatına ciddi töhfə vermək olar”.