Dünya iqtisadiyyatına ciddi ziyan vuran koronavirus pandemiyasının ən ağır zərbələrindən biri avtomobil biznesinin payına düşəcək. Azərbaycan avtomobil dilerləri assosiasiyasının (AADA) dünən keçirdiyi video-konfransında bu fikir dəfələrlə səslənib.
FED.az xəbər verir ki, konfransda iştirak edən rəsmi avtomobil idxalçı-kompaniyalarının rəhbərləri öz çıxışlarında vurğulayıblar ki, bu biznesin özəlliyi istehsalçı şirkətlərə sifarişlərin ən azı üç-dörd ay əvvəldən göndərilməsidir.Yəni heç bir biznes-planda xüsusi karantin rejimi və avtomobil sərgi-satış salonlarının bağlanması nəzərdə tutula bilməzdi. Belə çıxır ki, satış göstəricilərinin sıfıra bərabər olduğu halda, idxalçı ölkəyə daxil olan avtomobillərin gömrük xərclərinə külli miqdarda vəsait ayırmalıdır.
Mövcud vəziyyətədə bir çox diler kompaniyalarını bu xərclər müflislik həddinə yaxınlaşdıracaq. Konfransda qeyd olundu ki, hökümət tərəfindən avtomobil sektoruna dəstək verici qərarlara ehtiyac var. Əks halda rəsmi diler mərkəzlərinin bağlanması, büdcəyə ödənilcək vergilərin azalması, iş yerlərinin itirilməsi, son nəticədə köhnə avtomobillərin idxal və satışlarının artması, ekologiya və təhlükəsizlik problemlərinin qabarması qaçılmazdır.
Bütün bunları nəzərə alaraq, video-konfrans iştirakçıları AADA adından müvafiq hökümət qurumlarına mürəciət ünvanlamağı qərara aldılar. Təkliflər paketini hazırlamaq üçün İşçi qrup yaradıldı.
Xatılradaq ki, Azərbaycan avtomobil dilerləri assosiasiyası İctimai Birliyi 2004-cü ildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Birliyin əsas vəzifələrindən biri rəsmi avtomobil idxalçı və dilerlərinin fəaliyyətini koordinasiya etmək, avtomobil biznesinin nümayəndələri ilə hökumət orqanları ilə arasında körpü rolunu oynamaqdır.