Azərbaycanda “Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası” İctimai Birliyi təsis edilib.
FED.az xəbər verir ki, assosiasiyanın məqsədi Azərbaycanda yarmarka-sərgi, tədbir sənayelərinin inkişafı və gücləndirilməsinin təşviqi çərçivəsində bu sənaye növlərinin iştirakçılarının konsolidasiyası, sektor daxilində layihə və təşəbbüslərin işlənib hazırlanması, konqres və sərgi sənayesinin beynəlxalq aləmdə təşviqidir.
Biznes assosiasiyaları ölkə iqtisadiyyatının sektoral və regional hədəflərinə nail olunmasında dövlət-biznes dialoqu platforması olmaqla yanaşı, üzv şirkətlərin fəaliyyət göstərdikləri sektor və ya bölgələrin dayanıqlı inkişafı istiqamətində mühüm vasitələrdən biridir. Beynəlxalq sərgilərin təşkilində çoxillik təcrübəyə malik şirkətlər tərəfindən belə bir assosiasiyanın təsis edilməsi, şübhəsiz, həm sərgi təşkilatçılığı sahəsinə, həm də ümumilikdə ölkə iqtisadiyyatına öz töhfəsini verəcəkdir.
Assosiasiyanın təsisçiləri beynəlxalq sərgilərin təşkili sahəsində ixtisaslaşmış “Caspian Event Organisers”, “Iteca Caspian” və “AzExpoMontage” şirkətləri, direktoru və qanuni təmsilçisi isə “Caspian Event Organisers” şirkətinin Baş direktoru Fərid Məmmədovdur.
Müstəqil Azərbaycanın sərgi sənayesinin əsası ilk dəfə 1994-cü ildə keçirilmiş “Xəzər Neft və Qaz” Sərgisi ilə qoyulmuşdur. Bu müddət ərzində Azərbaycanda sərgi sənayesi işgüzar turizm, mehmanxana, restoran biznesi və s. inkişafına daimi illik töhfəsi ilə ölkə iqtisadiyyatının bir hissəsinə çevrilmişdir.