Son günlər Azərbaycanda A4 kağızlar kəskin bahalaşıb. Ötən ay 5 - 5,5 manat aralığında satılan A4 kağız qiymətləri bu gün 9 manatadək yüksəlib. Başqa ifadə ilə qiymətlər 80 faizədək artıb.
Bu məhsulun idxalı ilə məşğul olan şirkətlərdən verilən məlumata görə, bahalaşma Rusiyanın xarici ölkələrə A4 kağızların satışını dayandırması ilə əlaqədardır.
Verilən məlumata görə, Azərbaycan bazarında satılan A4 kağızların 90 faizi Rusiyadan idxal olunur. Rusiya zavodları Ukraynadakı müharibədən sonraA4 kağız istehsalını azaldıblar. Bunun səbəbi Rusiyaya tətbiq edilən sanksiyalar səbəbindən zavodların kağızların ağardılmasında istifadə edilən xammal daxil bir sıra mal və materialları Avropadan idxal edə bilməmələridir.
“Azərbaycan bazarında ən çox istehsalı Rusiyada olan “Sveto Copy” və "Snequroçka" A4 kağızları satılır. Artıq Rusiya istehsalçıları bu məhsulları Azərbaycana göndərməyi dayandırıblar və buna səbəb olaraq kifayət qədər A4 kağız olmadığını bildirirlər. Biz çox çətin şəkildə, daha yüksək qiymətə zavodların Rusiya bazarında rəsmi dilerləri olan topdan və pərakəndə satıcılardan kağız alaraq idxal edirik. Artıq zavodlar dilerlərinə A4 kağızları xaricə satmamaları barədə xəbərdarlıq da edib”, - yerli idxalçılardan birinin əməkdaşı bildirib.
İdxalçı şirkətdən verilən məlumata görə, hazırda Azərbaycanda təxminən 1 aylıq A4 kağız ehtiyatı mövcuddur. Əgər Rusiya – Ukrayna müharibəsi uzanarsa və Rusiya zavodları Azərbaycana A4 kağız satışını tezliklə bərpa etməsələr qiymətlər daha da yüksələ, hətta kağız qıtlığı yarana bilər.
Digər məlumata görə, Türkiyənin A4 kağız istehsalçıları da Azərbaycana satışı dayandırıblar.
Mağazalar A4 kağızın sürətlə bahalaşdığını bildirir. “Əvvəllər 5,5 manata satdığımız A4 kağızlar ilk öncə 6,80 manata, ardınca 7,50 manata, hazırda isə 9 manata yüksəlib”, - mağazalardan birinin satıcısı bildirib (Marja).