Azərbaycanda bir qədər əvvvəl işə düşən elektron sistem işçilərin sığortalanmasına nəzarəti gücləndirib.
FED.az xəbər verir ki, Dövlət Əmək Müfəttişliyi Xidməti işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsindən icbari sığorta olunmalarına elektron sistem üzərindən nəzarət edir.
Sözügedən sistem icbari sığrtası olmayan işçiləri və onların çalışdıqları şirkətləri aşkar etməyə imkan verir. Sistemin köməyi ilə icbari sığorta müqaviləsi olmayan işçilər üzrə işəgötürənlər müəyyən edilib və onlara elə sistemvasitəsilə xəbərdarlıq edilib.
Həmçinin bu sahədə inzibati xəta halları aşkar olunan işəgötürənlə əlaqədar qanunvericiliyə uyğun tədbirlər görülüb. Görülən işlərin nəticəsi kimi son bir ildə 632 işəgötürən tərəfindən işçilərinin icbari sığorta olunması üçün müqavilələr bağlaması təmin edilib.
Xatırladaq ki, istehsalatda bədbəxt hadisələr və peşə xəstəliklərindən sığorta ilə işçilər sığortalanır. İş yerində bədbəxt hadisə və peşə xəstəliyi nəticəsində işçi həyatını və ya əmək qabiliyyətini itirərsə, ona sığorta ödənişi verilir.