“2018-ci ildə Azərbaycan və Türkiyə arasında ikitətəfli ticarət dövriyyəsinin dəyəri 33% artaraq 3,4 milyard ABŞ dollarını keçib. Bu ilin ötən dövrü ərzində isə iki ölkə arasında ticarət dövriyyəsi illik müqayisədə yenə də 33% artıb və 2,3 milyard dollara çatıb”.
FED.az “Report”-a istinadən xəbər verir ki, bunu bu gün keçirilən Azərbaycan-Türkiyə biznes forumunda iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.
Onun sözlərinə görə, hədəf bu rəqəmi daha da artırmaqdır.
Nazir bildirib ki, bu gün Azərbaycanda 3 000-dən artıq Türkiyə kapitallı şirkət fəaliyyət göstərir: “Türk şirkətləri ölkədə həyata keçirilən 300-ə yaxın layihədə yaxından iştirak ediblər, Azərbaycana ümumilikdə 12,2 milyard dollar investisiya yatırıb. Azərbaycan isə indiyə qədər Türkiyəyə 15,5 milyard dollar sərmayə qoyub”.
Bundan başqa, nazirin sözlərinə görə, bu ilin yanvar-avqust aylarında Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə 171 min ton yük daşınıb.
Ş.Mustafayev vurğulayıb ki, bugünkü biznes-forumda 300-ə yaxın iş adamı iştirak edir: “Bu, tədbirə olan böyük marağın gösrəticidir. Türkiyənin vitse-prezidenti Fuat Oktayın isə biznes-forumda içtirakı tədbirə verilən yüksək dəyərdir. Bu gün iki öllkə müxtəlif sahələrdə sıx əməkdaşlıq edir. Belə bir biznes-forumun təşkili gələcəkdə yeni birgə layihələrin reallaşmasına böyük imkanlar yaradır”.
Nazirin sözlərinə görə, Azərbaycanla Türkiyə arasında Preferensial Ticarət Sazişinin imzalanması iki ölkənin ticarət dövriyyəsini daha da artıracaq.
“Növbəti yüksəksəviyyəsi iclasda bu sazişin imzalanması nəzərdə tutulub”, - deyə o, qeyd edib.