İndiyədək Azərbaycanda 1000-dən artıq İran şirkəti qeydiyyatdan keçib. FED.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev İranın sənaye, mədən və ticarət naziri Reza Rəhmani ilə görüşdə bildirib.
İqtisadiyyat naziri bildirib ki, Azərbaycanda 1000-dən çox İran şirkəti qeydiyyatdan keçib, İran Azərbaycana 3,4 mlrd. ABŞ dolları həcmində investisiya yatırıb. Azərbaycan və İran birgə layihələri çərçivəsində Neftçala Sənaye Məhəlləsində avtomobil zavodu uğurla fəaliyyət göstərir. 2018-ci ildə zavodda 1000-dən çox avtomobil, bu ilin birinci rübündə isə 360 avtomobil istehsal edilib və satılıb. Görüşdə, həmçinin Pirallahı Sənaye Parkında birgə əczaçılıq zavodunun inşa ediləcəyi diqqətə çatdırılıb. Bununla yanaşı, Hacıqabul Sənaye Məhəlləsində avtobus istehsalı zavodunun təməli qoyulacaq.
Eləcə də bax: Hacıqabulda avtobus istehsalı zavodunun - TƏMƏLİ QOYULUB
Qarşılıqlı ticarət sahəsində əlaqələrin genişləndiyini qeyd edən Şahin Mustafayev ötən il ticarət dövriyyəsinin 74% artdığını diqqətə çatdırıb. Bu ildə də ticarət dövriyyəsində artım tendensiyası davam edir. Belə ki, 2019-cu ilin ilk 2 ayında ticarət dövriyyəsi 4,5 dəfə artıb.