“AzerGold” QSC-nin apardığı geoloji işlər nəticəsində böyük ehtiyarlara malik olan qızıl yataqları tapılıb.
FED.az xəbər verir ki, 2018-ci ildə QSC-nin geoloqları tərəfindən hazırda fəaliyyət göstərən Çovdar qızıl mədəninin yaxınlığında aşkar edilmiş qızıl təzahürlü Ağyoxuş sahəsi, həmçinin Göygöl rayonunun cənubunda yerləşən Tülallar kəşfiyyat sahəsində 600 min unsiya qızılın olduğu aşkar edilib. Bu, nüfuzlu “Micon International” məsləhətçi şirkətinin apardığı hesablamalara əsaslanır.
Eləcə də bax: “AzerGold” QSC ilə Aqrar Universiteti arasında əməkdaşlıq memorandumu - İMZALANIB
Yataqdakı ehtiyatları qiymətləndirmək üçün “AzerGold” QSC ümumi dərinliyi 22 min metrdən çox olan 180 quyu qazıb. Götürülmüş filiz nümunələri beynəlxalq akkreditasiyadan keçmiş laboratoriyalara geokimyəvi analiz testləri üçün göndərilmişdir.
Əldə olunan ilkin nəticələr əsasında məsləhətçi şirkət tərəfindən ilkin ehtiyatlar hesablanmış və yerin təkində proqnozlaşdırılan ehtiyatların potensialı Tülallar sahəsi üzrə 500 min unsiya, Ağyoxuş sahəsi üzrə isə 100 min unsiya qiymətləndirilmişdir. Bu sahələrin istismarından yüz milyonlarla ABŞ dolları məbləğində gəlirin əldə olunması gözlənilir.
Hazırda qeyd edilən kəşfiyyat sahələrinin qısa müddətdə hasilata verilməsi üçün resursların beynəlxalq standartlara uyğun qiymətləndirilməsi, mədən layihələndirilməsi, metallurji və laborator tədqiqatlar və digər zəruri tədbirlər görülür.
"Sözügedən ərazilərin Çovdar yatağı yaxınlığında yerləşməsi hasilat zamanı Çovdar qızıl mədəninin texniki resurslarından istifadə etməyə də imkan verəcək ki, bu da layihənin iqtisadi səmərəliliyini daha da artıracaq. Cəmiyyət tərəfindən yeni layihələrin icrası iqtisadi mənfəətlərlə yanaşı, regionların inkişafı və yeni iş yerlərinin açılmasına da töhfə verəcək"-deyə "AzerGold"dan bildirilib.