"Xarici ölkələrdən Azərbaycana yüklərin çatdırılmasında bizim heç bir problemimiz yoxdur. Biz Türkiyədən online sifarişlərin çatdırılması ilə məşğuluq və hər hansı problemlə qarşılaşmamışıq ". FED.az xəbər verir ki, bu barədə çatdırılma xidməti ilə məşğul olan "Mover" MMC şirkətindən məlumat verilib. Şirkətdən qeyd ediblər ki, hazırda sifarişlərin qəbulunda heç bir fasilə yaranmayıb:
"Bizim şirkət Türkiyədən gələn sifarişləri gömrük sərhədindən problem olmadan keçirib. Orda sadəcə sənədlərin qaydasında olması tələb olunur və sənədlər qaydasında olduqda malların çıxarılmasında problem yaradılmır".
Şirkətdən onu da vurğulayıblar ki, əvvəlki qrafik üzrə Türkiyədən sifarişlər qəbul olunur və həftədə iki dəfə Bakı anbarına çatdırılır: "www.mover.az saytı vasitəsilə şirkətimiz və çatdırılma xidməti barədə əlavə məlumat da əldə edə bilərlər".
Xatırladaq ki, sosial şəbəkələrdə bəzi çatdırılma şirkətlərinin müştərilərinə müraciət edərək, sifariş olunan mallarının Azərbaycanın gömrük sərhədini keçə bilməməsi barədə məlumatlar yayılıb. Məsələn, “Barami” şirkəti öz müştərilərinə mesaj göndərərək, ABŞ və İngiltərədən sifariş qəbulunu dayandırdığını bildirib. "Camex" şirkəti isə bu barədə məlumat verməsə də, müraciət edən müştərilərdən Türkiyə ilə bağlı sifarişləri qəbul etmir, digər ölkələrdən isə sifarişlərin çatdırılacağı vaxtı dəqiq bildirmir.