Azərbaycan Fransa Ticarət və Sənayə Palatası (CCIAF) , “MEDEF International” və AZPROMO ilə birlikdə Azərbaycanın İqtisadiyyat naziri cənab Mikayıl Cabbarov ilə onlayn görüş keçirilməsi planlaşdırılır.
Eləcə də bax: Nazirdən sahibkarlara - ÇAĞIRIŞ
Mayın 12-ə planlaşdırılan görüş zamanı COVID-19-un iqtisadiyyata təsiri, pandemiya ilə əlaqədar olaraq Azərbaycan hökuməti tərəfindən görülən tədbirlər, bu dövr ərzində Azərbaycan və fransız şirkətlərinin fəaliyyəti barədə müzakirələrin olması planlaşdırılır.
Əlavə olaraq, CCIAF-in yeni şəraitdə şirkətlər üçün həyata keçirdiyi fəaliyyətlərin nəticələri, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və dayanıqlılığının artırılması istiqamətində fransız şirkətlərinin verə biləcəkləri mümkün töhvələr müzakirə olunacaq. İştirakçılara mövzularla bağlı onları maraqlandıran sualları ünvanlamaq imkanı da yaradılacaq.
Görüş MEDEF İnternational-ın icraçı direktoru Filip Gautier tərəfindən idarə ediləcək. Fəxri qonaqlar - Fransanın Azərbaycandakı səfiri cənab Zacharie Gross və Azərbaycanın Fransadakı səfiri cənab Rəhman Mustafayev; CCIAF üzv şirkətləri və Fransada fəaliyyət göstərən fransız şirkətlərinin direktorlarının görüşdə iştirak edəcəyi planlaşdırılır.
Qeyd edək ki, CCIAF 2016-cı ildən fəaliyyət göstərir və hazırda 60-dan çox yerli, fransız və beynəlxalq şirkət Palatanın üzvüdür. CCIAF-in əsas məqsədi Azərbaycan ilə Fransa arasında iqtisadi və dostluq əlaqələrinin gücləndirilməsinə kömək etməkdir. Palata üzv şirkətlər üçün yeni biznes tərəfdaşları, potensial müştəri və sahibkarlar ilə tanışlıq imkanlarının artırılması, mütəmadi olaraq mövcud bazar imkanları haqqında məlumatların yayılması, biznes sahəsindəki yeni imkanlar barədə məlumatın ötürülməsi məqsədilə mütəmadi olaraq tədbirlər və biznes görüşlər həyata keçirir.
MEDEF İnternational 1992-ci ildən etibarən Azərbaycanda Fransa-Azərbaycan Biznes Şurası çərçivəsində aktiv fəaliyyətdədir və AZPROMO və CCIAF-ın tərəfdaşıdır. Şuranın Azərbaycanın yüksək səviyyəli şəxsləri ilə mütəmadi görüşləri və nümayəndə heyətinin Bakıya işgüzar səfəri Şuranı Fransa ilə Azərbaycan arasında işgüzar münasibətlərin qurulmasında mühüm mövqeyə gətirdi. 2019-cu ilin iyul ayında Bakıya son səfəri zamanı MEDEF İnternational, Azərbaycanda fəaliyyətlərini inkişaf etdirməkdə maraqlı olan 60-a yaxın şirkəti bir araya gətirdi və bu nümayəndə heyəti Azərbaycan Prezidenti və Vitse-prezidenti tərəfindən qəbul edildi.