2019-cu ilin yanvar-avqust aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 8 milyard 627,2 milyon manat vəsait yönəldilib.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, investisiyaların 66,7 faizi və ya 5 milyard 754 milyon manat bilavasitə tikinti-quraşdırma işlərinə yatırılıb.
Eləcə də bax: İqtisadiyyata sərmayə qoyuluşu azalıb – DETALLAR, SİYAHI
FED.az xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə ölkəyə yatırılan investisiyalar 3,65% azalıb. Belə ki, ötən ini eyni dövründə Azərbaycana 8 milyard 953,6 milyon manat yatırılmışdı.
Tikniti quraşdırma işlərinə yatırılan vəsaitlər isə ötən il 6 milyard 196 milyon manat təşkil etmişdi, başqa sözlə, ötən illə müqayisədə 7,13% azalıb.
2019-cu ilin ilk 8 ayında yatırılan sərmayənin 64,3 faizi məhsul istehsalı sahələrinə, 26,0 faizi xidmət sahələrinə, 9,7 faizi isə yaşayış evlərinin tikintisinə sərf olunub. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 70,7 faizini təşkil edib.
Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 55,9 faiz, büdcə vəsaitləri 27,7 faiz, bank kreditləri 7,8 faiz, əhalinin şəxsi vəsaitləri 6,7 faiz, büdcədənkənar fondların vəsaitləri 1,6 faiz, sair vəsaitlər isə 0,3 faiz təşkil edib.