İndi məhsullarımız İtaliya və Rusiyada “Made in Azerbaijan” brendi ilə satılır. Yaxın vaxtlarda Fransa, İngiltərə və Almaniyada da satışa başlamaq üçün danışıqlar aparılır.
Bu barədə FED.az-a Ağstafa rayonundakı “Akkord Tekstil”-dən bildirilib. İtaliyanın geyim mağazaları ilə müqaviləyə əsasən hər il Azərbaycandan 40 min köynək ixrac olunur və İtaliyada “Made in Azerbaijan” brendi ilə satılır.
“Akkord” Tekstildən bizə verilən məlumata görə, istehsal olunan məhsulların 80 faizi ixrac olunur, 20 faizi yerli bazarda satılır. Hal-hazırda xaricə yalnız köynək ixrac edilir. İtaliyada bu köynəklər “Kabery” adı ilə satılır.
İsti geyimlərin İngiltərəyə, hərbi və polis geyimlərinin isə Gürcüstana ixracı ilə bağlı danışıqlar aparılır. Yaxın zamanlarda müsbət nəticə əldə olunacağı gözlənilir.
Məhsulları Azərbaycan bazarına “Elegant” və “Respect” brendləri ilə çıxan “Akkord” Tekstil MMC-nin Rusiyada toptan satış ilə məşğul olan öz müəssisəsi də var.
Bildirilir ki, isti geyimlər üçün xammal Azərbaycandan (Gilan Tekstildən), köynəklər üçün isə Türkiyədən alınır.
Ötən həftə şirkət rəsmilərinin Pakistana işgüzar səfəri baş tutub. Şirkət rəsmisi bildirir ki, Pakistanda xammal Türkiyədən daha ucuzdur, həm də orada Misir pambığından istifadə olunur. Köynək və isti geyimlər üçün lazım olan materialın Pakistandan gətirilməsi ilə bağlı danışıqlara başlanıldığı deyilir.
Qeyd edək ki, “Akkord” Tekstil MMC işçi paltarları, köynək, kişi kostyumları, klassik və idman şalvarları, stol örtükləri, yataq dəstləri və məktəbli geyimləri istehsal edir. Fabrikdə istehsal olunan modellər Türkiyədən və moda sərgilərindən gətirilən kataloq və jurnallar, sərgilərdən götürülmüş nümunələr əsasında hazırlanır. Köynək modelləri Slimfit, Regular və Classik modellər üzrə müxtəlif yaxa formalarına görə hazırlanır.
İllik 360 min köynək, 220 min kişi şalvarı, 250 min hər tip işçi paltarı, 150 min məktəbli paltarı həcmində ümumi istehsal gücü malik şirkətin 120 nəfər işçisi var.
Azərbaycan xaricə brend köynək satmağa başlayıb - AÇIQLAMA
09:33
14 Noy 2017