2017-ci il yanvarın 1-dən 2018-ci ilin 31 yanvar tarixinə kimi Azexport.az portalına dünyanın 78 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 556,6 mln. ABŞ dolları təşkil edib.
FED.az xəbər verir ki, bunu jurnalistlərə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) departament rəhbəri Ramil Hüseyn deyib.
O bildirib ki, 2018-ci ilin yanvar ayı ərzində Azexport.az portalına 81.5 mln. dollar məbləğində ixrac sifarişləri daxil olub.
"2018-ci ilin yanvar ayında portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində Rusiya (22 %), Türkiyə (8%), Ukrayna (8%), Səudiyyə Ərəbistanı (6%) və Birləşmiş Ərəb Əmirlikləri (6%) qərarlaşıb. Daxil olan sifarişləri məhsullar üzrə təhlil etdikdə məlum olub ki, cari ilin yanvar ayında ən çox ixrac sifarişi şərab, çay, fındıq ləpəsi, pomidor şirəsi, nar, nar konsentratı və alma olub. Həmçinin lobya, toyuq yumurtası, dekorativ güllər, kosmetik vasitələr, quru süd, dekorativ qurğular, qənnadı məhsulları, meyvə cemi, biyan kökü, mebel dəsti, mühərrik yağı, velosiped, pambıq yağı, boya məhsulları, pambıq toxumu (çiyid), kərpici və s. mallara da sifariş daxil olub",- İİTKM rəsmisi əlavə edib.