Belarus nümayəndə heyətinin Azərbaycana səfərinin birinci gününün yekunları üzrə $55 milyon məbləğində müqavilələr imzalanıb.
FED.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Belarus Ticarət və Sənaye Palatasının sədri Mixail Myatlikov deyib.
“Bu gün Azərbaycan və Belarus şirkətləri arasında işgüzar görüş keçirilib. Ümumilikdə təqribən $55 milyon məbləğində bir sıra müqavilələr imzalanıb. Bu, hələ ilk gündür. Yeni əlaqələr qurulur. Düşünürəm ki, növbəti günlərdə biz yeni müqavilələr haqqında eşidəcəyik”, - deyə sədr bildirib.
O qeyd edib ki, əsas müqavilələr ağac emalı sahəsini əhatə edir. Onların arasında “Mostovdrev” ASC və “СОСНА” QSC arasında faner ($17,9 milyon), MDF plitələri ($14,4 milyon), laminat döşəmə örtüyü ($7,4 milyon) və taxta-şalban ($2,1 milyon) tədarükü haqqında müqavilələr var. Həmçinin “FanDOK” ASC ilə “ULU GOUYCHA Ltd” ($5,3 milyon), “Belarusskie oboi” holdinqinin İdarəedici Şirkəti” ASC və SN-Poliqraf” MMC ($2,4 milyon) arasında da müqavilələr bağlanıb.
Bundan əlavə, “Lida süd-konserv kombinatı” ASC və “PFC AZ” MMC arasında quru süd məhsullarının tədarükü ($2 milyon), “Bellakt” ASC və “Jasmin Trading” LLC arasında uşaq qidaları və hamilə qadınlar və süd verən analar üçün məhsulların tədarükü ($1,2 milyon) haqqında kommersiya müqavilələri imzalanıb.
“Belarus şüşə şirkəti” və “İnci Kristal” MMC arasında “Neman Şüşə Zavodu” ASC-nin istehsalı olan şüşə və büllur məmulatların tədarükü haqqında $1 milyon məbləğində müqavilə bağlanıb. Həmçinin müxtəlif növ məhsulların Azərbaycan bazarına tədarükünə dair bir sıra digər müqavilələr də imzalanıb. (İnterfaks-Azərbaycan)