İyunun 12-də Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) növbəti ənənəvi işgüzar səhər yeməyi baş tutub.
FED.az xəbər verir ki, Türkiyə Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Prof.Dr. Birol Akgün, Şimali Kipr Türk Respublikasının İqtisadiyyat və enerji naziri Olqun Amcaoğlu, millət vəkili Vüqar Bayramov, Qarabağ Dirçəliş Fondunun İdarə Heyəti sədrinin müşaviri Rəşad Qasımzadə, Türkiyə Səfirliyin İkinci Katibi Levent Kızılbağlı, Səfirliyin Ticarət Baş Müşaviri Murat Yaman, Şimali Kipr Türk Respublikasının Bakıdakı nümayəndəliyinin müşaviri Ulaş Kıvılcım, ATİB İdarə Heyətinin və Birliyin üzvlərinin iştirak etdiyi tədbirdə Azərbaycan-Türkiyə İş Adamları Birliyinə yeni daxil olmuş üzvlərin təqdimatı da olub.
Açılış nitqi ilə çıxış edən ATİB İdarə Heyətinin sədri Mürsəl Rüstəmov Birliyin üzvləri arasında əməkdaşlığın təşviqi istiqamətində görülən işlərə toxunaraq, dövlət və ictimai xadimlərin bu kimi tədbirlərdə iştirakının sahibkarlıq mühitinə müsbət təsir göstərdiyini vurğulayıb.
Səfir Prof.Dr. Birol Akgün, Şimali Kipr Türk Respublikasının İqtisadiyyat və Enerji naziri Olqun Amcaoğlu, millət vəkili Vüqar Bayramov və Qarabağ Dirçəliş Fondunun İdarə Heyəti sədrinin müşaviri Rəşad Qasımzadə çıxışlarında ATİB-in “bir millət, iki dövlət” prinsipinə sadiq qalaraq, birliyin üzvləri arasında sahibkarlığın bərabər imkanlar çərçivəsində dəstəklənməsi və iqtisadi fəallığın təşviqi istiqamətində apardığı fəaliyyəti yüksək qiymətləndiriblər. Natiqlər bu təşəbbüslərin Azərbaycan ilə Türkiyə arasında, həmçinin ümumilikdə türk dünyasında iqtisadi əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verdiyini qeyd edərək, Birliyin gələcək fəaliyyətinə uğurlar arzulayıblar.
Tədbir çərçivəsində Qarabağ Dirçəliş Fondunun Fandreyzing və Kommunikasiya şöbəsinin müdiri Pərvin Bağırova Fondun layihələri barədə təqdimatla çıxış edib. Təqdimat zamanı işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və inkişaf proseslərində özəl sektorun rolu, eləcə də bu istiqamətdə tərəfdaşlıqların genişləndirilməsi imkanları diqqətə çatdırılıb.
Sonda Azərbaycan-Türkiyə İş Adamları Birliyinin sıralarına yeni qoşulmuş üzvlərə üzvlük plaketləri təqdim edilib.