Azərbaycan məhsulları sentyabrın 24-27-də Rusiyanın Moskva şəhərində təşkil olunan “Worldfood Moscow 2019” beynəlxalq ərzaq sərgisində nümayiş olunub.
FED.az xəbər verir ki, sərgidə İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə qida, şərab və spirtli içki məhsulları sahəsində fəaliyyət göstərən 33 Azərbaycan şirkəti öz məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş etdirib.
Eləcə də bax: "Rusiyadan min ton - SİFARİŞ ALMIŞIQ"
İqtisadiyyat Nazirliyindən verilən məlumatda bildirilir ki, sərgi çərçivəsində Azərbaycanlı sahibkarlar xarici həmkarları ilə görüşlər keçirib, ixraca dair razılıqlar əldə edib, müqavilələr bağlayıblar.
Azərbaycanın “Karaca Fındıq” şirkəti Belarusdan olan şirkətlə 1 milyon ABŞ dolları dəyərində fındıq məhsulunun ixrac olunmasına dair müqavilə imzalayıb. Bundan başqa, “Karaca Fındıq” Rusiyaya 23 ton, Moldovaya 20 ton, Belarusa isə 13 ton qovrulmuş fındığın ixracına dair razılıq əldə edib.
“Azərstar” şirkəti Rusiyadan olan 2 şirkətlə 132 ton və 110 ton fındıq məhsulunun ixracına, “Grow Group Azerbaijan” şirkəti isə Rusiyanın iri mağazalar şəbəkəsi ilə 1000 ton pomidorun ixracına dair müqavilə imzalayıb.
“Azhazelnut” şirkəti Rusiyanın müxtəlif şirkətləri ilə ümumilikdə 20 ton fındıq məhsulunun ixracına dair müqavilə bağlayıb. Qeyd edək ki, bu şirkətin məhsulları “WorldFood Moscow 2019” beynəlxalq ərzaq sərgisi çərçivəsində təşkil olunmuş “İlin məhsulu” müsabiqəsində qalib gəlib və mükafata layiq görülüb.
Sərgi çərçivəsində həmçinin, Azərbaycanın “Az-Granata”, “TAC”, “Madena”, “Şirin Aqro”, “Göygöl Şərab”, “Amoris”, “Agro-Azərinvest”, “Abşeron Şərab”, “Crispa Snacks”, “AHEC”, “Balxurma”, “Şərq Ulduzu”, “Merit Brand” və “AZNAR” şirkətləri istehsal etdikləri məhsulların ixracına dair Rusiya, Körfəz ölkələri, Hindistan, Qazaxıstan, Latviya, Almaniya, Çin və digər ölkələrdən olan şirkətlərlə danışıqlar aparıb və ilkin razılıq əldə ediblər.