Azərbaycan məhsulları Moskvada təşkil edilmiş “MosBuild 2019” beynəlxalq tikinti və inşaat materialları sərgisində nümayiş olunub.
FED.az xəbər verir ki, sərgidə İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə tikinti və inşaat materialları istehsalı ilə məşğul olan 10 Azərbaycan şirkəti öz məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendində təqdim edib.
Sərgi çərçivəsində Azərbaycan məhsullarının ixracına dair müzakirələr aparılıb. Belə ki, “NB Group” şirkəti Rusiya və Braziliya şirkətləri ilə danışıqlarda 200 min dollar dəyərində məhsul ixracına iki müqavilənin bağlanmasına dair razılıq əldə edib.
“Mətanət A” şirkəti Qazaxıstan, Rusiya, Moldova və Gürcüstandan olan şirkətlərlə 100 ton məhsul ixracı barədə ilkin razılıq əldə edib.
”BKN” MMC şirkətinin istehsal etdiyi boya məhsulları Misir, Rusiya və Qırğızıstandan olan idxalçıların marağına səbəb olub, artıq məhsulların Qırğızıstana ixracına dair razılığa gəlinib.
Bundan başqa, “Karvan-L”, “Caspi-Marine Technologies”, “Fəxrəddin- K”, “STP”, “Semsan”, Bosson” şirkətləri Rusiya, Qazaxıstan, Tacikistan, Özbəkistan, Ukrayna, Belarus, Misir, Gürcüstan və Çindən olan şirkətlərlə danışıqlar aparıblar.