Kölndəki “Anuga 2019” sərgisində 18 Azərbaycan şirkəti öz məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş etdirir.
FED.az xəbər verir ki, Azərbaycanın “Azərstar” şirkəti Litvadan olan şirkətlə fındıq ləpəsinin ixracına dair müqavilə imzalayıb.
Eləcə də bax: Azərbaycan dünyada - 2-Cİ FINDIQ İSTEHSALÇISI OLA BİLƏR
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Almaniyanın Köln şəhərində təşkil edilmiş “Anuga 2019” beynəlxalq ərzaq sərgisində nazirliyin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə 18 Azərbaycan şirkətinin istehsalı olan qida məhsulları “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş olunur. Azərbaycan məhsulları sərgiyə gələnlər tərəfindən böyük maraqla qarşılanır.
Sərgi çərçivəsində Azərbaycan sahibkarları xarici tərəfdaşları ilə görüşlər keçirir, ixraca dair müzakirələr aparırlar.
Artıq Azərbaycanın fındıq istehsalı ilə məşğul olan “Azərstar” şirkəti Litvadan olan şirkətlə 22 ton fındıq ləpəsinin ixracına dair müqavilə imzalayıb.
Bundan başqa, “Ləzzət Biskvit və Şokolad Fabriki” şirkətinin 20 ton qənnadı məmulatının ixracına dair ilkin razılıq əldə olunub.
“Anuga 2019” sərgisi oktyabrın 9-dək davam edəcək.
Azərtac