Azərbaycanın metal məmulatları istehsalçısı «AzeSteelCompany» ASC şirkəti fəaliyyəti barədə geniş hesabatını ictimaiyyətə açıqlayıb.
FED.az xəbər verir ki, şirkət hesabatını ona görə geniş şəkildə açıqlayıb ki, qiymətli kağız (istiqraz və ya səhm) buraxıb və qanunvericiliyə görə, belə halda potensial investorlar şirkətin fəaliyyətinin bütün tərəflərini görə bilməlidirlər.
Beləliklə «AzeSteelCompany» ASC-nin idarəetmə hesabatına əsasən 2021-ci ildə şirkətin adı dəyişərək «Ekspress-C» ASC əvəzinə «AzeSteelCompany» ASC olub.
Ötən il şirkətin səhmdarları da dəyişib. Əgər 2020-ci ilədək ASC-nin bir səhmdarı vardısa - Camaləddin Ismayilov -100% paya malik idi, 2021-ci ilin sonunda «AzeSteelCompany» ASC-nin 3 səhmdarı var. Bunlar Camaləddin Ismayilov -69,4%, Kənan Ağayev – 20,6% və Ömər Hüseynovdur - 10%.
2021-ci ildə şirkətin gəlirləri və dövriyyəsi kəskin artıb, müəssisə 10 dəfə böyüyüb.
Belə ki, ötən il «AzeSteelCompany» ASC-nin satışdan gəlirləri 37% artaraq ötənilki 1,7 milyon manatdan 2,4 milyon manata yüksəlib. Satışın maya dəyəri isə 1,8 milyon manat olub. Nəticədə şirkətin ümumi gəliri 591 min manat olub (ötən il 122 min manat idi – 4 dfə artım). Bunun 71 min maatı inzibati xərclərə (30% artıb), 99 min manat isə faiz xərclərinə (öhdəliklər üzrə faizləri ödənilməsinə) sərf edilib.
Təqribən 72 min manat da vergi ödənildikdən sonra «AzeSteelCompany» ASC ili 347 min manat xalis mənfəətlə tamamlayıb. Halbuki, 2020-ci ildə şirkətin 30,6 min manat zərəri var idi.
2021-ci ildə şirkətin aktivləri 12 dəfə artaraq 1,145 milyon manatdan 14,4 milyon manata yüksəlib.
Bu dövrdə şirkətin əmlaklarının həcmi 9 dəfə artaraq 980 min manatdan 8,6 milyon manata yüksəlib.
Şirkətin cari (qısamüddətli) aktivləri isə 35 dəfə artıb. Belə ki, 2021-ci ildə «AzeSteelCompany» ASC-nin mal-material ehtiyatları isə 100 dəfə artaraq 24 min manatdan 2,4 milyon manat yüksəlib.
Debitor borcları (alacaqları) 40 dəfə artaraq 51 min manatdan 2 milyon manata yüksəlib. Nağd pul ehtiyat isə 15 dəfəyə yaxın artaraq 89 min manatdan 1,303 milyon manata yüksəlib.
Şirkətin kapitalı isə 150 dəfəyə yaxüın artaraq 61 min manatdan daha real rəqəmlərə – təqribən 9 milyon manata yaxınlaşıb.
«AzeSteelCompany» ASC-nin sürətli irəliləməsinin daha bir səbəbi onun uzunmüddətli istiqraz buraxması olub – şirkət ötən il 3 milyon manatlıq istiqraz buraxıb, eləcə də kənardan əlavə 1,4 milyon manat borc və kredit alıb.
Nəticədə «AzeSteelCompany» ASC-nin öhdəlikləri il ərzində 5 dəfədən çox artaraq 1,1 milyon manatdan 5,4 milyon manata yüksəlib.