2018-ci il 3 may tarixli Sərəncamı ilə
təsdiq edilmişdir
1. Giriş
Azərbaycan iqtisadiyyatının səmərəliliyinin artırılması və rəqabət qabiliyyətinin yüksəldilməsi çərçivəsində qeyri-neft sektorunun inkişafının təmin edilməsi ölkənin əsas iqtisadi prioritetlərindəndir. Görülmüş məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda qeyri-neft sektorunun gücləndirilməsi üçün əlverişli şərait yaradılmış, o cümlədən iqtisadiyyatın şaxələndirilməsi istiqamətində ənənəvi kənd təsərrüfatı sahələrinin dirçəldilməsinə xüsusi əhəmiyyət verilmişdir. Ölkənin əlverişli torpaq-iqlim şəraiti, mövcud işçi qüvvəsi, emal sənayesi müəssisələrinin xammala tələbatının yerli istehsal hesabına ödənilməsi imkanları, regionda geniş ixrac bazarlarının mövcudluğu və böyük ixrac potensialının olması aqrar sahənin daha da təkmilləşdirilməsini zəruri etmişdir.
Aqrar-sənaye kompleksinin ən rentabelli və ən qədim sahələrindən biri də şərabçılıqdır. Şərabçılıq tarixən ölkə iqtisadiyyatının inkişafına mühüm töhfə vermiş və aparıcı sahələrdən biri olmuşdur. Azərbaycan şərabları gözəl, təkrarolunmaz ətrinə və əla keyfiyyətinə görə şöhrət qazanmışdır. Statistik məlumatlar göstərir ki, keçən əsrin 80-ci illərində respublikada 210 şərab zavodu və şərabçılıq məntəqələri sistemində 151 mindən artıq fəhlə və mütəxəssis işləyir, 56 adda şərab, 10 adda konyak, 4 adda şampan şərabı və digər məhsullar istehsal edilirdi.
İqtisadi əhəmiyyəti ilə yanaşı, şərab və şərabçılıq məhsullarının müalicəvi faydaları da məlumdur. Üzüm şirəsinin turşuluğu mədə şirəsinin turşuluğuna yaxın olduğundan, üzüm şərabları şərabla müalicədə – enoterapiyada perspektivlidir.
Şərab və şərabçılıq məhsullarının sadalanan iqtisadi və sosial əhəmiyyəti nəzərə alınaraq, ölkədə şərabçılığın yeni inkişaf mərhələsinə keçirilməsi qarşıda duran əsas hədəflərdən biridir. Bu baxımdan, sözügedən sahədə həyata keçirilən dəstək tədbirləri ilə yanaşı, şərab istehsalçılarının da müəyyən məsuliyyət daşıması zəruridir. İstehsal olunan məhsullar dünya bazarında rəqabətqabiliyyətli və qiymətinə görə münasib olmalıdır. Şərab və şərabçılıq məhsullarının keyfiyyəti üzüm sortlarının texnoloji xüsusiyyətlərindən və keyfiyyətindən birbaşa asılıdır. Odur ki, üzümçülük təsərrüfatları yaradılarkən texniki üzüm sortları düzgün seçilməlidir. Bölgənin torpaq-iqlim şəraitini nəzərə almaqla, sortlar bölgələr və mikrobölgələr üzrə düzgün yerləşdirilməli və sortlara diferensial aqrotexniki qulluq tətbiq edilməlidir.
Dünyada keyfiyyətli texniki üzüm sortlarının əkilib-becərildiyi ərazilərdən biri də Azərbaycandır. Azərbaycan “Bayanşirə”, “Mədrəsə”, “Şirvanşahı”, “Xindoqnı”, “Həməşərə”, “Mələyi”, “Xərci”, “Qara aldərə”, “Dəvəgözü” və s. kimi yüksək keyfiyyətli yerli (aborigen) texniki üzüm sortları ilə məşhurdur.
Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə respublikada üzümçülük və şərabçılıq sahəsinin inkişafını dəstəkləmək və tənzimləmək məqsədilə 1970-ci ildə Dövlət Üzümçülük və Şərabçılıq Komitəsi yaradılmışdır. Azərbaycanda bu sahənin elmi əsaslarla inkişafını təmin etmək üçün Azərbaycan SSR Nazirlər Sovetinin 1976-cı il 12 avqust tarixli 269 nömrəli Sərəncamı ilə Elmi Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutu, həmçinin şərabçılıq sahəsində çalışacaq mühəndis–texnoloq, mühəndis–mexanik kadrlarının hazırlanması məqsədilə 1981-ci ildə Azərbaycan Texnologiya Universiteti təsis edilmişdir.
Ölkədə şərabçılığın davamlı inkişafının təmin edilməsi, o cümlədən bu sahəyə dövlət dəstəyinin gücləndirilməsi, potensial imkanlardan səmərəli istifadə edilməsi, həmçinin şərab istehsalına və ixracına marağın artırılması məqsədilə “Üzümçülük və şərabçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa, habelə “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq, “2018–2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı” hazırlanmışdır.
2. Şərabçılıq sahəsində mövcud vəziyyət
2.1. Dünyada mövcud vəziyyət
46 ölkənin, o cümlədən Azərbaycanın da üzv olduğu Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının (OİV) məlumatına görə, dünyada hər il 2,7 milyard dekalitrdən artıq üzüm şərabı istehsal edilir. Ən çox şərab istehsal edən ölkələr İtaliya, Fransa, İspaniya, ABŞ, Avstraliya, Argentina, Çin, CAR, Çili, Almaniya və Portuqaliyadır. Son dövrdə şərab istehsalında 1-2% civarında azalma müşahidə edilir. Beynəlxalq tədqiqatların əksəriyyətində bunun səbəbi kimi dünyada baş verən kəskin iqlim dəyişiklikləri göstərilir.
Dünya üzrə şərab və şərabçılıq məhsullarının ixracı təqribən 1 milyard dekalitr təşkil edir. Ən çox məhsul ixrac edən ölkələr isə İspaniya, İtaliya, Fransa, Çili, Avstraliya, CAR, ABŞ, Almaniya, Portuqaliya, Argentina, Yeni Zelandiya və Moldova hesab edilir. Eyni zamanda, son onillikdə Almaniya, Böyük Britaniya, ABŞ, Fransa, Çin, Kanada, Rusiya, Niderland, Belçika, Yaponiya, İsveç və İsveçrə yüksək idxal həcmləri ilə seçilmişdir.
Aparılan təhlillər göstərir ki, son illərdə şərabın orta qiyməti, mənşə ölkəsindən asılı olaraq, kifayət qədər fərqlidir. Belə ki, dünyanın əsas şərab ixracatçısı olan Fransadan ixrac edilmiş 1 ton şərabın (HS 2204) orta FOB qiyməti təqribən 6,3 min ABŞ dolları, İtaliyadan – 3 min ABŞ dolları, İspaniyadan – 1,3 min ABŞ dolları, Çilidən – 2 min ABŞ dolları, Avstraliyadan – 1,7 min ABŞ dolları, ABŞ-dan – 4,1 min ABŞ dolları, habelə Gürcüstandan – 3 min ABŞ dolları, Moldovadan – 0,8 min ABŞ dolları, Türkiyədən – 2,4 min ABŞ dolları, Rusiyadan – 1,1 min ABŞ dolları, Belarusdan – 1,9 min ABŞ dolları və Qazaxıstandan – 3,2 min ABŞ dolları olduğu halda, Azərbaycandan ixracda bu göstərici 1,2 min ABŞ dolları təşkil etmişdir.
2.2. Azərbaycanda mövcud vəziyyət
Müstəqillik əldə edildikdən və ulu öndər Heydər Əliyev xalqın təkidi ilə yenidən hakimiyyətə gəldikdən sonra Azərbaycanda üzümçülüyün daha sürətli inkişafı üçün əlverişli şərait yaradılmış və bu istiqamətdə müvafiq tədbirlərin həyata keçirilməsinə başlanılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 dekabr tarixli 1890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2012–2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”nda respublikada üzümün və onun emal məhsullarının istehsalının artırılması, ölkə əhalisinin təzə və keyfiyyətli üzümə tələbatının daha dolğun ödənilməsi, şərabçılıq və üzüm emalı müəssisələrinin xammal təminatının yaxşılaşdırılması nəzərdə tutulmuşdur.
Hazırda üzümçülüyün və şərabçılığın inkişaf etdirilməsi ilə bağlı müvafiq normativ hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir, kənd təsərrüfatı, o cümlədən üzümçülük müəssisələri ilə tədarük, emal və şərabçılıq müəssisələri arasında kooperasiyanın təkmilləşdirilməsi məsələləri “Kənd təsərrüfatı kooperasiyası haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 270-VQ nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 iyul tarixli 996 nömrəli Fərmanında təsbit edilmişdir.
Şərabçılıq sahəsində əlverişli bazar mühitinin yaradılması və bu sahədə sahibkarlıq fəaliyyətinin stimullaşdırılması məqsədilə “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli 713 nömrəli Fərmanı ilə şərab və şərabçılıq məhsullarının istehsalına, idxalına və satışına xüsusi icazə (lisenziya) alınması tələbi ləğv edilmişdir.
Daxili bazarın, o cümlədən üzümçülük və şərabçılıq məhsullarının xarici təsirlərdən qorunmasının hüquqi bazasını müəyyənləşdirən “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanunu 2016-cı ildə qüvvəyə minmişdir.
2016-cı ildə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) dəstəyi ilə şərab və şərabçılıq məhsulları istehsalçıları və ixracatçıları arasında fəaliyyətin əlaqələndirilməsi məqsədilə Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyası yaradılmışdır.
Üzümçülük və şərabçılıq sahəsində elmi təminatın və kadr potensialının gücləndirilməsi üçün mütəxəssis hazırlığı davam etdirilir, müvafiq təhsil proqramları hazırlanır və nəşr olunur. Həmçinin Elmi Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunda yeni üzüm sortlarının yaradılması, aqrotexniki və aqrokimyəvi tədbirlərin, xəstəlik və ziyanvericilərə qarşı mübarizə tədbirlərinin səmərəliliyinin yüksəldilməsi istiqamətində tədqiqat işləri aparılır.
Kənd təsərrüfatı məhsulları istehsalçıları üçün son illərdə yaradılmış əlverişli şərait, onlara müvafiq dəstəyin gücləndirilməsi, o cümlədən müəyyən edilmiş güzəştlər və subsidiyalar, bu sahədə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin 2019-cu il yanvarın 1-dək torpaq vergisi istisna olmaqla bütün növ vergilərdən azad edilməsi ölkədə üzümçülüyün və şərabçılığın inkişafına təkan vermişdir.
Eyni zamanda, “Qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 mart tarixli 811 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin qəbul etdiyi 2016-cı il 6 oktyabr tarixli 401 nömrəli qərara əsasən, ixrac olunan şərab və şərabçılıq məhsullarının qlobal rəqabət qabiliyyətinin artırılması, ixracatçıların dəstəklənməsi məqsədilə ixrac dəyərinin 6%-i miqdarında ixrac təşviqinin ödənilməsinə başlanılmışdır.
Bununla yanaşı, ölkədə investisiya fəaliyyətinin genişləndirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması, sənaye istehsalının artırılması və daxili istehsalın dəstəklənməsi məqsədilə “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 yanvar tarixli 745 nömrəli Fərmanına uyğun olaraq investisiya təşviqi sənədi almış şərab istehsalçıları Azərbaycan Respublikasının Vergi Məcəlləsi və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 7 il müddətində qazandıqları mənfəətin 50%-nə görə mənfəət vergisini, həmçinin bu müddət ərzində idxal etdiyi texnika, texnoloji avadanlıq və qurğulara görə ƏDV və gömrük rüsumunu, eləcə də əmlak vergisini və mülkiyyətində və ya istifadəsində olan müvafiq torpaqlara görə torpaq vergisini ödəməkdən azaddırlar.
Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda şərab və şərabçılıq məhsullarının istehsalı 2017-ci ildə 1 milyon dekalitri ötmüşdür ki, onun da 375 min dekalitri ixrac edilmişdir. Belə ki, ölkəmizdən şərab məhsulları, əsasən, Rusiyaya (338 min dekalitr) və Çinə (27 min dekalitr) göndərilmişdir.
Aparılan təhlillər göstərir ki, istehsalın həcmi ölkədə fəaliyyət göstərən şərabçılıq müəssisələrinin faktiki potensialından dəfələrlə azdır. Mövcud vəziyyətə, ilk növbədə, şərabın əsas xammalını təşkil edən üzümün maya dəyərinin yüksək olması təsir edir. Bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilən subsidiya məbləğinin kompensasiya payı isə son qiymətlərin formalaşdırılmasında hər zaman yüksək deyildir.
Azərbaycan Respublikasının mülkiyyəti hesab edilən əmtəə nişanlarının müəyyənləşdirilməsi və üzüm bağlarının növünə (süfrə və texniki), sortuna (“Mədrəsə”, “Kaberne” və s.) və coğrafiyasına uyğun olaraq inventarizasiyası lazımi səviyyədə təşkil edilməmişdir. Eyni zamanda, ölkədə üzüm tinglərinə olan ehtiyacın daxili imkanlar hesabına ödənilməsi işi gücləndirilməlidir. Əvvəllər Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutu daxilində müvafiq məntəqələr fəaliyyət göstərsə də, hazırda onların əsaslı bərpasına ehtiyac vardır.
Maliyyə resurslarının çatışmazlığı və şərab istehsalçılarının zəruri maliyyə mənbələrinə çıxışının lazımi səviyyədə olmaması da şərab istehsalı müəssisələrinin potensialının maksimum səviyyədə reallaşdırılmasına imkan vermir.
Digər tərəfdən, ölkədə istehsal edilən şərab növlərinin sayı kifayət qədər çox olsa da, onların brendləşdirilməsi istiqamətində görülən işlər lazımi səviyyədə deyildir. Bu sahədə mütərəqqi beynəlxalq təcrübəni öyrənməklə milli şərab brendlərinin formalaşdırılması və onların qlobal arenada təbliği artıq müasir dövrün tələbidir.
Son illərdə dünya bazarında aşağı keyfiyyətli şərab məhsullarının həcminin artması səbəbindən, bu cür məhsullardan daxili bazarın və ölkə əhalisinin sağlamlığının qorunması vacib məsələlərdən biridir.
Eyni zamanda, Rusiya Federasiyasının Dağıstan Respublikası ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçiddə avtomobil aksiz postunun olmaması, eləcə də şərab və şərabçılıq məhsullarını daşıyan xüsusi vaqon (sistern) parkının, həmçinin yerli şərab şüşələrinin və markalarının, şərabçılıq üzrə milli normativ texniki sənədlərin (DÖST, AZS milli standartları) müasir tələblərə tam şəkildə cavab verməməsi kimi problemlər şərab məhsullarının ölkədən ixracını məhdudlaşdırır.
Ümumiyyətlə, ölkədə istehsal olunan şərab və şərabçılıq məhsullarının daxili tələbatdan artıq olması, həmin məhsulların xarici bazarlara çıxarılması ilə bağlı bəzi problemlər bir sıra hallarda müəssisələri istehsal edilmiş şərabçılıq məhsullarını konyak spirti istehsalına yönəltməyə məcbur edir.
“2018–2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı” bu sahədə mövcud problemlərin həllinə, ölkədə müvafiq istiqamətdə aparılan işlərin daha da sürətləndirilməsinə və şərabçılığın gələcək inkişafına töhfə verəcəkdir.
3. Dövlət Proqramının məqsədi və vəzifələri
3.1. Dövlət Proqramının məqsədi şərab və şərabçılıq məhsullarına tələbatın ortamüddətli perspektivdə yerli ehtiyac və ixracat imkanları nəzərə alınmaqla ödənilməsi, şərab istehsalı müəssisələrinin fəaliyyətinin genişləndirilməsi və müasir texnologiyalar əsasında qurulması, xammal təminatının yaxşılaşdırılması, şərabçılıq məhsullarının ixracının artırılması və kənd əhalisinin məşğulluq səviyyəsinin yüksəldilməsi üçün ölkədə üzümçülüyün və şərabçılığın inkişafını stimullaşdırmaqdan ibarətdir.
3.2. Bu məqsədə nail olmaq üçün aşağıdakı vəzifələrin icrası tələb olunur:
3.2.1. şərab və şərabçılıq məhsullarının rəqabət qabiliyyətinin yüksəldilməsi;
3.2.2. şərab istehsalı və ixracının artırılması;
3.2.3. ixrac bazarlarının diversifikasiyası;
3.2.4. şərab istehsalı ilə məşğul olan təsərrüfat subyektlərinə səmərəli iqtisadi dəstək mexanizminin formalaşdırılması;
3.2.5. şərab istehsalı infrastrukturunda geriləmənin aradan qaldırılması və milli standartların beynəlxalq tələblərə uyğunlaşdırılması;
3.2.6. şərabçılıq sahəsində mütəxəssislərin bilik və bacarıqlarının beynəlxalq təcrübəyə uyğun artırılması;
3.2.7. istehlak bazarında və idxalda keyfiyyətsiz məhsullara qarşı mübarizənin gücləndirilməsi.
4. Şərabçılığın inkişafının əsas istiqamətləri
4.0. Azərbaycanda şərabçılığın inkişafı sahəsində qarşıya qoyulmuş məqsəd və vəzifələr aşağıdakı istiqamətlərdə müvafiq tədbirlərin həyata keçirilməsini nəzərdə tutur:
4.0.1. şərabçılığın inkişafı üzrə institusional tədbirlərin həyata keçirilməsi;
4.0.2. şərab istehsalının infrastruktur təminatının yaxşılaşdırılması;
4.0.3. şərabçılıq sahəsində elmi və kadr potensialının daha da gücləndirilməsi;
4.0.4. şərab istehsalı potensialının artırılmasına dövlət dəstəyi;
4.0.5. daxili bazarda şərab satışının dəstəklənməsi və keyfiyyətə nəzarətin gücləndirilməsi;
4.0.6. şərab və şərabçılıq məhsulları ixracının təşviqi və dəstəklənməsi.
5. Dövlət Proqramının maliyyələşmə mənbələri
5.0. Dövlət Proqramı üzrə tədbirlərin icrasının aşağıdakı mənbələr hesabına maliyyələşdirilməsi nəzərdə tutulur:
5.0.1. dövlət büdcəsi;
5.0.2. büdcədənkənar fondlar;
5.0.3. Sahibkarlığa Kömək Milli Fondunun, "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin və “Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu” ASC-nin vəsaitləri;
5.0.4. yerli və xarici investisiyalar;
5.0.5. qanunvericiliklə qadağan olunmayan digər mənbələr.
6. Dövlət Proqramının icrasından gözlənilən nəticələr
6.0. “2018–2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı”nın həyata keçirilməsindən aşağıdakı nəticələrin əldə olunacağı gözlənilir:
6.0.1. Azərbaycanda şərabçılıq ənənələri bərpa olunacaq;
6.0.2. şərabçılıq müəssisələrinin istehsal potensialından maksimum səviyyədə istifadə etməklə ölkədə şərab ixracı 2025-ci ilədək 5 dəfə artırılacaq;
6.0.3. şərab və şərabçılıq məhsullarının rəqabət qabiliyyəti yüksəldiləcək;
6.0.4. şərabçılıq üzrə milli normativ texniki sənədlər (DÖST, AZS milli standartları) təkmilləşdiriləcək;
6.0.5. şərab və şərabçılıq məhsullarının qablaşdırılması üçün köməkçi vasitələrin ölkədə istehsalı dəstəklənəcək;
6.0.6. şərabçılıq sahəsində fəaliyyət göstərən mütəxəssislərin və marketoloqların bilik və bacarıqları yüksəldiləcək;
6.0.7. şərab və şərabçılıq məhsulları üçün nəzərdə tutulan aksiz markaları digər alkoqollu içkilərin aksiz markalarından fərqlənəcəkdir.
7. Dövlət Proqramının həyata keçirilməsi üzrə
TƏDBİRLƏR PLANI
№ |
Tədbirin adı |
İcraçılar |
İcra müddəti |
1. Şərabçılığın inkişafı üçün institusional tədbirlər |
|||
1.1. |
Üzüm, şərab və şərabçılıq məhsulları, həmçinin qablaşdırma vasitələri istehsal edən müəssisələr arasında kooperasiyanın dəstəklənməsi |
Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, yerli icra hakimiyyəti orqanları |
2018–2025 |
1.2. |
Şərabçılıq sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi |
Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Ədliyyə Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi |
2018–2020 |
1.3. |
Şərabçılığa dair milli normativ texniki sənədlərin (DÖST, AZS milli standartları) beynəlxalq standartların tələblərinə uyğunlaşdırılması |
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Xarici İşlər Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi |
2018–2022 |
1.4. |
Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının potensialının gücləndirilməsinə dəstək verilməsi |
İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyası |
2018–2019 |
1.5. |
Şərabçılıq məhsulları üzrə milli brendlərin yaradılması və müvafiq qaydada qeydiyyatının təmin edilməsi |
Kənd Təsərrüfatı Nazirliyi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, Əqli Mülkiyyət Agentliyi |
2018–2025 |
1.6. |
Şərab turizminin inkişaf etdirilməsi |
Dövlət Turizm Agentliyi, İqtisadiyyat Nazirliyi, yerli icra hakimiyyəti orqanları |
2018–2025 |
1.7. |
Azərbaycan Respublikasının mülkiyyəti hesab edilən əmtəə nişanlarının müəyyənləşdirilməsi və əmtəə nişanlarının reyestrinin formalaşdırılması
|
Əqli Mülkiyyət Agentliyi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, Kənd Təsərrüfatı Nazirliyi |
2018–2020 |
2. Şərab və şərabçılıq məhsulları istehsalının infrastruktur təminatının yaxşılaşdırılması |
|||
2.1. |
Yerli və xarici texniki üzüm sortlarının artırılması üçün Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun yüksək məhsuldar tinglik təsərrüfatlarının bərpası |
Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi |
2018–2019 |
2.2. |
Şərabçılıqla məşğul olan regionların mikrozonalara ayrılması və tanıdılması |
Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, yerli icra hakimiyyəti orqanları |
2018–2025 |
2.3. |
Üzümlərin növünə, sortuna və coğrafiyasına görə üzüm bağlarının inventarizasiyasının aparılması |
Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Statistika Komitəsi, yerli icra hakimiyyəti orqanları |
2018–2020 |
2.4. |
Şərab və şərabçılıq məhsullarını daşıyan xüsusi vaqon (sistern) parkının yenilənməsi |
“Azərbaycan Dəmir Yolları” QSC, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi |
2018–2025 |
2.5. |
İstehsal sahələrinin müasir texnoloji tələblərə uyğunlaşdırılması layihələrinin həyata keçirilməsi
|
İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi |
2018–2025 |
3. Şərabçılıq sahəsində elmi və kadr potensialının gücləndirilməsi |
|||
3.1. |
İdarəedici heyət və satış mütəxəssisləri üçün təkmilləşdirmə kurslarının təşkili |
İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi |
2018–2025 |
3.2. |
Şərabçılıq sahəsində ali və orta ixtisaslı kadr hazırlığının təkmilləşdirilməsi |
Təhsil Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi |
2018–2025 |
3.3. |
Mərkəzi Dequstasiya Komissiyasının fəaliyyətinin müasir təcrübəyə uyğun təşkili |
Kənd Təsərrüfatı Nazirliyi, Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyası |
2018–2019 |
3.4. |
Şərabçılıq sahəsi üzrə innovativ texnologiyaların öyrənilməsi və tətbiqi məqsədilə xarici ölkələrin qabaqcıl elm mərkəzləri ilə əməkdaşlığın genişləndirilməsi |
Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi |
2018–2025 |
4. Şərab istehsalı potensialının artırılmasına dövlət dəstəyi |
|||
4.1. |
Üzüm bağlarının hər hektarına görə gübrə və pestisid üçün ödənilən subsidiya həcminin qiymətləndirilməsi |
Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi |
2020 |
4.2. |
Şərabçılıq sahəsinə yönəldilən güzəştli kreditlərin həcminin artırılması |
İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Maliyyə Nazirliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası, Mərkəzi Bank |
2018–2025 |
4.3. |
Şərab şüşələri istehsalının beynəlxalq standartlara cavab verməsini təmin etmək məqsədilə şərab şüşələri istehsal edən müəssisələrin dəstəklənməsi |
İqtisadiyyat Nazirliyi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, Kənd Təsərrüfatı Nazirliyi |
2018–2025 |
4.4. |
Şərab və şərabçılıq məhsullarının qablaşdırılmasında istifadə edilən etiket, tıxac, qapaq və tara istehsalının dəstəklənməsi
|
İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Maliyyə Nazirliyi |
2018–2025 |
5. Daxili bazarda şərab satışının dəstəklənməsi və keyfiyyətə nəzarətin gücləndirilməsi |
|||
5.1. |
Daxili bazarda təşviqat tədbirlərinin (şərab festivallarının keçirilməsi, məlumat vasitələrinin hazırlanması və hədəf seqment arasında yayılması, respublika səviyyəli konfrans və sərgilərin təşkili və s.) davam etdirilməsi, eləcə də əhatə dairəsinin və sayının artırılması |
İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Xarici İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi |
2018–2025 |
5.2. |
Aksiz markalarının hər növ içkiyə görə fərqli təsvirdə hazırlanması və qablaşma həcminin aksiz markasında göstərilməsi |
Nazirlər Kabineti, Maliyyə Nazirliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi, İqtisadiyyat Nazirliyi |
2018–2019 |
5.3. |
Saxta aksiz markalarından istifadəyə qarşı mübarizənin gücləndirilməsi |
Dövlət Gömrük Komitəsi, Maliyyə Nazirliyi, Vergilər Nazirliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası, İqtisadiyyat Nazirliyi |
2018–2025 |
5.4. |
İstehsalda, istehlak bazarında və idxalda şərab və şərabçılıq məhsullarının keyfiyyətinə nəzarətin təkmilləşdirilməsi |
Qida Təhlükəsizliyi Agentliyi, Dövlət Gömrük Komitəsi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi |
2018–2025 |
6. Şərab ixracının dəstəklənməsi və təşviqi |
|||
6.1. |
Şərab ixracına dövlət dəstəyinin əhatə dairəsinin və həcminin artırılması imkanlarının qiymətləndirilməsi |
İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Maliyyə Nazirliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası, Mərkəzi Bank |
2018–2025 |
6.2. |
İxrac üzrə ixtisaslaşmış yerli və xarici şirkətlərlə iş birliyinin yaradılması |
İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Xarici İşlər Nazirliyi |
2018–2025 |
6.3. |
Şərabçılıq üzrə beynəlxalq əhəmiyyətli təşviqat tədbirlərinin (sərgi, yarmarka, konfrans və digər) davam etdirilməsi |
İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Xarici İşlər Nazirliyi |
2018–2025 |
6.4. |
Rusiya Federasiyası ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçiddə avtomobil aksiz postunun yaradılması ilə bağlı Rusiya Federasiyasının aidiyyəti dövlət qurumları ilə danışıqlar aparılması |
Dövlət Gömrük Komitəsi, İqtisadiyyat Nazirliyi, Xarici İşlər Nazirliyi |
2018–2019 |
6.5. |
Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatı ilə əməkdaşlığın genişləndirilməsi |
Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Xarici İşlər Nazirliyi |
2018–2025 |