Azərbaycandakı bütün biznes birlikləri “Procolombia” tərəfindən təşkil olunan və müxtəlif sektorlardan 300-dən çox sahibkarı bir araya gətirən “Kolumbiya Şanxayda” biznes forumunda iştiraka dəvət edilir. Noyabrın 12-15-də Çində keçiriləcək forumda Kolumbiyanın müxtəlif bölgələrindən ixracatçı şirkətlər də təmsil olunacaq.
FED.az xəbər verir ki, Kolumbiyanın ölkəmizdəki səfirliyindən bildirilib ki, “Şanxayda Kolumbiya” biznes forumu fərqli sektorlardan olan şirkətlərə, müxtəlif sahələrdən məhsulları özündə cəmləşdirən tədbirdə iştirak etmək üçün geniş imkan yaradır.
Eləcə də bax: Azərbaycanlı iş adamı - KOLUMBİYADA BİZNES QURUB
Foruma aqrobiznesdən geyim və aksesuarlara qədər bir neçə sənaye kateqoriyası daxildir. Bu forumda meyvə, ət, kakao, qəhvə, şokolad (və törəmələr) məhsulları ilə fərqlənəcək kənd təsərrüfatı sənayesinə xüsusi diqqət ayrılacaq.
Eyni zamanda, biznes forum dərman preparatları ilə maraqlananlara, kimyəvi maddələr və tibbi-bioloji elmlər ilə tanış olmaq, burada nutrasetik, müalicəvi və kimyəvi maddələr (qida sənayesi) kimi məhsulları tapa biləcəkləri üçün geniş imkanlar açır. Forum metal-mexaniki və mebel sənayesi ilə maraqlanan müəssisələr üçün texnika (alətlər, kənd təsərrüfatı texnikası), mebel və avadanlıq (ev mebeli və dizayn) məhsulları ilə tanış olmaq üçün əsas platformadır. Biznes forumda aksesuar və zərgərlik ilə məşğul olan şirkətlər üçün də bir bölmə ayrılacaq ki, burada çox sayda müxtəlif qiymətli lüks əşyalar və aksesuarlar təqdim olunacaq.
Bununla yanaşı, forum çərçivəsində müxtəlif seminarlar keçiriləcək. Bu seminarlarda "E-commerce Panel Alibaba", " E-commerce Digiant Global Beijing Co ", "2open the China E-commerce ", "LANCEEC" və sair kimi mövzular əhatə olunacaq. Ən vacib mövzulardan biri də xarici şirkətlərin Çində biznes qurmaq imkanları haqqında geniş məlumat veriləcəyi "Çində biznesin açılışı və biznes qeydiyyatı" olacaq. Digər mövzu Asiya və Kolumbiya arasındakı logistika ilə bağlı olacaq.
İştirakçılara maraqlarına uyğun olaraq ümumi və fərdi proqramlar təqdim olunacaq. Forumda iştirak və mövcud güzəştlər haqqında məlumat üçün Kolumbiyanın Azərbaycandakı səfirliyi ilə bu elektron poçt Jafar.Jafarzada.cancilleria.gov.co vasitəsilə əlaqə saxlamaq mümkündür.
Azərtac