Azərbaycanın mikro, kiçik və orta sahibkarlıq subyektləri və startapları Bilişim Vadisinin Türkiyədəki filiallarının və Azərbaycan Texniki Universitetində fəaliyyət göstərən “Bilişim Vadisi Bakı” filialının imkanlarından istifadə edə biləcəklər.
KOBİA-nın sədri Böyük Britaniyanın Kiçik Biznes üzrə Müvəkkili ilə fikir mübadiləsi aparıb
FED.az xəbər verir ki, bununla bağlı iyulun 10-da “Bakı KOB evi”ndə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Türkiyənin Bilişim Vadisi arasında əməkdaşlığa dair Niyyət Protokolu imzalanıb.
Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Bilişim Vadisinin Baş direktoru Ahmet Serdar İbrahimcioğlu imzalayıblar.
KOBİA-nın yaydığı məlumatda bildirilir ki, sənəddə İKT sahəsində yerli müəssisələrin və startapların “Bilişim Vadisi Bakı”nın imkanlarından istifadə etməsi, Türkiyənin Bilişim Vadisi tərəfindən təşkil edilən proqramlar və digər tədbirlərdə Azərbaycanda fəaliyyət göstərən yerli müəssisələrin iştirakına şərait yaratmaqla onların inkişafına töhfə vermək, “Bilişim Vadisi Bakı” ilə birgə sahibkarlıq sahəsində birgə tədbirlərin həyata keçirilməsi, təlim, konfrans və digər tədbirlərin təşkili, təcrübə mübadiləsi kimi məsələlər öz əksini tapıb. Niyyət Protokolunda həmçinin, “Bilişim Vadisi Bakı”nın iştirakçısı olacaq şirkətlərin "Startap" şəhadətnaməsi və qrant dəstəyindən yararlanması, KOBİA-nın dəstəyi ilə keçirilən sərgilərdə iştirakına dəstək göstərilməsi də nəzərdə tutulur.
Tədbir çərçivəsində KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Bilişim Vadisinin Baş direktoru Ahmet Serdar İbrahimcioğlu arasında görüş keçirilib. Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyevin də iştirak etdiyi görüşdə tərəflər arasında imzalanmış sənəddən irəli gələn məsələlər, əməkdaşlıq imkanları müzakirə edilib.
Həmçinin, Türkiyənin Bilişim Vadisinin nümayəndələri “Bakı KOB evi”ndə fəaliyyət göstərən Startap Mərkəzində yaradılmış imkanlarla tanış olublar.
Qeyd edək ki, Türkiyənin Bilişim Vadisi texnologiyalar, kibertəhlükəsizlik, proqram təminatı, dizayn, oyunlar və ağıllı şəhərlərə yönəlmiş tədqiqatlar aparır. Bilişim Vadisi bu sahələrdə çalışan sahibkarlara investiya, mentorluq, təlim və digər istiqamətlərdə dəstək göstərir.