«Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir, qeyri-neft məhsullarının idxalı üzrə birinci yeri tutur. Əgər biz göstəricilərə baxsaq, onlar böyük nikbinlik doğurur. Biz hər il artım qeyd edirik, əmtəə dövriyyəsi artır».
FED.az xəbər verir ki, bunu Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya baş naziri Dmitri Medvedevlə görüşdə bildirib.
Eləcə də bax: Birinci vitse-prezident Rusiyada rəsmi səfərdədir
M.Əliyevanın sözlərinə görə, ötən il iki ölkə arasındakı ticarət dövriyyəsində 19 faiz artım olub və 2,6 milyard ABŞ dolları təşkil edib: «Bu ilin 9 ayında isə artım 24 faizə çatıb. Yəni, bu göstəricilər olduqca nikbindir».
İki ölkə arasında qarşılıqlı sərmayə qoyuluşu da artır: «Azərbaycan iqtisadiyyatına yatırılan Rusiya sərmayələrinin həcmi 4,9 milyard dollardır, Azərbaycan Rusiyaya 1,2 milyard dollar sərmayə qoyub. Mühüm olan odur ki, hökumətlərarası komissiyanın təhlilinə görə, bu potensialdan tam şəkildə istifadə edilməyib, daha 2-3 dəfə artım mümkündür».
Görüşdə bildirilib ki, Rusiyalı turistlərin də sayı artmaqdadır: «Rusiyadan bizim ölkəmizə səyahət edən turistlərin sayı artır. Ötən il 900 min rusiyalı Azərbaycanda olub. Cari ildə həmin göstəricinin artacağı gözlənilir».