SOCAR cari ilin oktyabr ayında H.Əliyev adına Bakı Neft Emalı Zavodunun planlı təmirə dayandırılacağı ilə əlaqədar Rusiyadan və Qara dəniz regionu ölkələrindən AI-92 markalı avtomobil benzini idxal etməyi planlaşdırır..
FED.az xəbər verir ki, “İdxal olunan yanacağın həcmi BNEZ-dəki əsas qurğuların işinin dayandırılmasının gedişində qəti surətdə müəyyənləşdiriləcək.
Eləcə də bax: Azərbaycana idxal edilən A-92 benzin gömrük rüsumundan - AZAD EDİLİB
AI-92 markalı benzinin böyük hissəsinin Rusiyadan, eləcə də Qara dəniz hövzəsi ölkələrindən idxal edilməsi planlaşdırılır”, - deyə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili İdarəsinin rəis müavini İbrahim Əhmədov agentliyinə bildirib.
2018-ci ildə Azərbaycan 58 mln. 913,7 min dollar dəyərində 72 min 596,05 ton "AI-92" markalı avtomobil benzini idxal edib. “AI-92” markalı avtomobil benzininin ümumi idxal həcmində 32 mln. 18,4 min dollar dəyərində 39 min 937,5 ton benzin Rusiyadan, 26 mln. 895,3 min dollar dəyərində 32 min 658,55 ton benzin Böyük Britaniyadan tədarük olunub.
2018-ci ildə “AI-92” markalı benzin IV rübdə idxal edilib. İdxal Bakı Neft Emalı Zavodunda modernləşdirmə və yenidənqurma layihəsi çərçivəsində aparılan təmir işləri ilə bağlı olub. Təmir işləri zamanı zavodun fəaliyyəti qismən dayandırıldığı üçün “AI-92“ markalı benzin istehsal olunmurdu.
Nazirlər Kabinetinin qərarı ilə 1 oktyabr 2018-ci il tarixindən Azərbaycanda “AI-95” və “AI-92” markalı benzin idxalı 90 gün müddətinə gömrük rüsumlarından (əvvəllər rüsum 15% idi) azad edilib.
BNEZ-də yalnız “AI-92” markalı benzin istehsal edilir.
İnterfaks-Azərbaycan