Azərbaycan-Çin investisiyası əsasında kombi istehsalı zavodu olan “Elektrogas” MMC MDB ölkələrinə kombilərin ixracını təşkil etmək istəyir.
Bu barədə FED.az-a yeni fəaliyyətə başlamış zavodun direktoru Elnur Cəmilli bildirib.
Onun sözlərinə görə, zavod hazırda Rusiya, Gürcüstan və Ukrayna ilə danışıqlar aparır: “Bəzi məsələlər həll edildikdən sonra növbəti ay ixraca başlayacayıq. Rusiya bazarı bizim üçün çox maraqlıdır”.
E.Cəmilli vurğulayıb ki, Azərbaycan bazarına ildə 150 min kombi idxal edilir: “Azərbaycana Çin, Türkiyə, İran və digər ölkələrdən kombi idxal edilir. Həmin kombilərin təqribi 100 min ədədi Çinin payına düşür. Azərbaycan bazarında kombinin ən ucuz qiyməti 550 AZN-dir. Bizim müəssisənin istehsalı olan kombilərin satış qiyməti isə 450 manata qədərdir. Gələcəkdə bu məbləğin 400 manata qədər olacağını planlaşdırırıq. İndiyədək bazara bizim zavodun istehsalı olan 1000-dən çox kombi çıxarılıb”.
Zavodun direktoru qeyd etdi ki, “Elektrogas” MMC-nin aylıq istehsal gücü 10 min ədəddən çoxdur: “Bir neçə dövlət layihələri çərçivəsində bizim müəssisənin kombiləri satılıb. Malın keyfiyyəti ilə bağlı heç bir problem yoxdur”.
Report.az