Vaşinqtonda yerləşən Azərbaycan restoranı “Sharbat Bakery” çətin pandemiya dövründə ABŞ-da açılmış 22 ən yaxşı iaşə müəssisəsindən biri seçilib.
Eləcə də bax: Bakıda restoranların dövriyyəsi - 70%-dək Azalıb
FED.az xəbər verir ki, məşhur restoran tənqidçisi Tom Sietsema tərəfindən hazırlanmış bu reytinqi “The Washington Post” nəşri dərc edib.
“Bu gənc çörək sexinin yüksək vəzifəli dostları var. Hətta Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov özü “Sharbat Bakery”yə hər həftə bir neçə dəfə getdiyini deyir. Onu cəzb edən yeməklərdən biri də paxlavadır. Bu qənnadı məmulatının forması, xəfif xəmir layları və nisbətən zərif şirinliyi onu digər xarici rəqiblərdən fərqləndirir. Səfir zarafatla deyir: “Regionumuzda üç epik mübahisəmiz var: kim hamıdan yaxşı çay, dolma və paxlava hazırlayır”, – qəzet yazır.
Məqalədə Azərbaycan mətbəxinin digər dadlı şirniyyatlarından da bəhs edilir: “Diplomat deyir ki, xaricdən layları görünən, daxilində isə cirə, qara bibər və zirə vurulan balaca çörək şəkilli şorqogal ona vətənini daha çox xatırladır. Həm E.Süleymanov, həm də “Sharbat Bakery”nin sahibi İlhamə Səfərova Azərbaycanın paytaxtı və ən böyük şəhəri Bakıdan gəliblər – bu şəhərdə şorqoğal Novruzun əsas simvollarından biridir. Üzərinə vurulmuş yumurta sarısına və xaşxaş toxumlarına görə parlayan və çil-çil görünən şorqoqal “bütün ləzzət hisslərinizi oyadacaq”. (Report)