2019-cu ilin sonuna qədər Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində Azərbaycanın Ticarət Evi açılacaq. Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
FED.az xəbər verir ki, “Nur-Sultan şəhərində Ticarət Evinin açılması işləri son mərhələdədir. Cari ilin sonunadək Ticarət Evinin açılışı planlaşdırılır”, - nazirlikdən qeyd ediblər.
Eləcə də bax: Azərbaycan daha bir ölkədə ticarət evi açır
2017-ci ildə İqtisadiyyat Nazirliyi "Made in Azerbaijan" brendi altında qeyri-neft məhsullarının ixracının artırılması məqsədilə Ticarət evlərinin yaradılması ideyasının təşviqinə başlayıb. Azərbaycanın ilk Ticarət Evi 2017-ci ildə Minsk şəhərində açılıb.
2018-ci ildə isə Kiyev, Riqa və Varşavada Ticarət evləri fəaliyyətə başlayıb.
2019-cu ildə BƏƏ-də Ticarət Evi açılıb.
Bu il İqtisadiyyat Nazirliyi xaricdə 10-dək Ticarət Evi və Şərab Evinin açılmasını nəzərdə tutur.