“Schlumberger logelco İnc” və “Schlumberger Overseas SA” şirkətlərinin Azərbaycan nümayəndəlikləri məhkəməyə verilib.
Bu barədə Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı məlumat verib. Hüquq müdafiəçisinin sözlərinə görə, 22 nəfər “Schlumberger logelco İnc” , 3 nəfər isə “Schlumberger Overseas SA” şirkətində çalışır.
Azərbaycanlı neftçilər gecə növbəsi, zərərli iş, normadan artıq iş və dəniz əmsalı (Xəzər dənizində yerləşən obyektlərdə çalışan işçilərin tarif (vəzifə) maaşlarına sahillə əlaqə şəraitindən asılı olaraq artım) görə əməkhaqqı tələb edirlər. İşə Səbail Rayon Məhkəməsində baxılır. Tələb olunan məbləğ 100 min manatdan çoxdur. Şirkətlə işçilərin məhkəmə çəkişməsi uzun müddətdir davam edir.
“Məhkəmənin qərarı ilə ekspertiza təyin edilib, ekspertizanın qərarı neftçilərin lehinə olduğundan şirkət etiraz edib. Buna görə də yenidən ekspertiza təyin edilib”,- Qəhrəmanlı söyləyib.
Şirkət isə iddia edir ki, işçilərin əməkhaqqları ödənilib, Əmək Məcəlləsində nəzərdə tutulan əlavələr isə ödənilməməlidir.
Həmin şirkətlərin adı bir neçə dəfə Əmək Məcəlləsinin tələblərinin pozulmasında hallandırılır. Şirkət ötən illərdə işçilərlə müvəqqəti əmək müqavilələrinin bağlanması, işçiyə 2 ay əvvəl xəbərdarlıq etmədən ixtisar aparmasına görə tənqid edilib.
“Schlumberger Overseas SA” şirkəti Almaniya ilə Fransanın sərhəddindəki Alsace regionunda qeydiyyatdan keçib, şirkətin yaradıcısı Conrad Schlumberger-dir. Bu, dünyanın ən iri neft-servis şirkətlərindən biridir. Azərbaycanda BP-nin başçılıq etdiyi konsorsiuma xidmətlər göstərir.
virtualaz.org