Fərdlər, fintexlər və KOB-lar üçün çıxış imkanlarını genişləndirən sistem, AMB dəstəyi ilə təhlükəsizlik və uyğunluğu təmin edir...
Bakıda Azərbaycan Mərkəzi Bankı (AMB), Azərbaycan Fintex Assosiasiyasının (AzFina) və PashaPay-in birgə təşkilatçılığı ilə “Fintex Üfüqləri Forumu” keçirilib.
FED.az xəbər verir ki, forum ölkənin fintex ekosistemində aparıcı şirkətləri bir araya gətirərək, AniPay (Ani Ödənişlər Sistemi – AÖS) və Hökumət Ödəniş Portalının, o cümlədən QR ödənişlərin imkanları, rəqəmsal transformasiya istiqamətləri və maliyyə xidmətlərinin gələcəyi üzrə müzakirə platforması təqdim edib. Tədbir zamanı fintex şirkətləri bir araya gələrək AniPay və Hökumət Ödəniş Portalının imkanları, eləcə də QR və digər innovativ rəqəmsal həlləri müzakirə ediblər. Eləcə də, ödəniş təşkilatları və elektron pul təşkilatlarının fəaliyyətlərinin tənzimlənməsi üzrə dəyişikliklər və yeniliklər ətrafında məruzələr dinlənilib.
Forumun təşkilində əsas məqsəd rəqəmsal ödənişlərin tətbiqini sürətləndirmək və maliyyə texnologiyalarında innovasiyanı stimullaşdırmaq olub. 2024-cü ildə nağdsız əməliyyatların 66% artması, AniPay-in ölkənin rəqəmsal iqtisadiyyatındakı önəmini daha da aktuallaşdırıb.
Tədbir çərçivəsində iştirakçılar AÖS infrastrukturu üzərində qurulmuş innovativ ödəniş məhsulları, yeni tənzimləmə tələblərinə uyğun xidmət modelləri və 24/7 fəaliyyət göstərən sistemlərə əsaslanan biznes həlləri üzərində işləyiblər. Məqsəd mövcud texnologiyanı daha effektiv istifadə etməklə, real bazar ehtiyaclarına cavab verən praktik modellər hazırlamaq olub.
Tədbirin sonunda uğurlu həllər təklif edən komandalara sertifikatlar təqdim olunub.