İstanbulda keçirilən Dünya Halal Sammiti çərçivəsində təşkil olunan “Halal Ekspo” sərgisində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə Azərbaycanın halal istehsalı olan qida şirkətlərinin məhsulları da nümayiş olunur.
KOBİA-dan FED.az-a bildirilib ki, Azərbaycanın təmsil olunduğu stendimizdə 4 şirkətin ət və ət məhsulları sərgilənir. İstanbula səfər çərçivəsində KOBİA nümayəndə heyəti “Qlobal halal iqtisadiyyata açılan qapı: potensialın üzə çıxarılması” mövzusunda Dünya Halal Sammitində də iştirak edib.
Sammitdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov KOB-ların halal qida və xidmət sektorunun aparıcı qüvvəsi olduğunu qeyd edib, agentliyin KOB-lara göstərdiyi dəstək və xidmətlər, eləcə də 2024-cü ildə KOBİA-nın təşkilatçılığı ilə Bakıda keçirilməsi nəzərdə tutulan Azərbaycan Halal Biznes və Turizm Forumu barədə məlumat verib. Qeyd olunub ki, Tatarıstanda mütəmadi olaraq keçirilən Halal Sammitdə KOBİA ölkə stendi ilə təmsil olunur. Bu halal sənaye sahəsində fəaliyyət göstərən Azərbaycan KOB-larının məhsullarını tanıtmağa və digər ölkələrdən olan həmkarları ilə əlaqələr qurmalarına imkan yaradır. Gələn il Bakıda keçiriləcək forum çərçivəsində də halal məhsulların sərgisi təşkil olunacaq.