Yanvarın 17-də Almaniyanın paytaxtı Berlində 85-ci “Beynəlxalq Yaşıl Həftə” sərgisinin açılışı olub.
FED.az xəbər verir ki, miqyasına görə dünyanın ən iri kənd təsərrüfatı sərgilərindən biri sayılan bu tədbir tanınmış “Messe” zalında keçirilir. Sərgi ilk dəfə 94 il bundan əvvəl, 1926-cı ildə təşkil olunub. Azərbaycan bu sərgidə artıq 12-ci dəfədir təmsil olunur.
Eləcə də bax: Azərbaycan məhsulları "Beynəlxalq Yaşıl Həftə 2020” sərgisində - NÜMAYİŞ ETDİRİLƏCƏK
Azərbaycan şirkətləri sərgidə İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə iştirak edir.
Sərginin Azərbaycan üçün ayrılmış hissəsi 98 kvadratmetrdir. Burada 11 iştirakçı şirkət tərəfindən ziyarətçilərə 180 növdən artıq məhsul təqdim olunur.
Bu il “Beynəlxalq Yaşıl Həftə” sərgisində dünyanın 70 ölkəsindən ümumilikdə 1500 şirkət iştirak edir.
Azərbaycan stendinin açılışında Almaniyada səfərdə olan Kənd Təsərrüfatı naziri İnam Kərimov, səfir Ramin Həsənov iştirak ediblər. Onlar Azərbaycan şirkətlərinin məhsulları ilə tanış olub, bir sıra görüşlər keçiriblər.
Azərtac