Azərbaycanın Mərkəzi Avropa ölkələri üzrə ticarət nümayəndəsinin təşəbbüsü, aparılan danışıqlar və bazar araşdırmalarının nəticəsi olaraq, Polşanın Varşava şəhərindəki 3 “Carrefour” supermarketində və Kielçe şəhərindəki “Carrefour” supermarketində Azərbaycan mallarının satışı başlayıb.
Eləcə də bax: "Azərbaycan istehsalı olan çiyələk xarici bazarlarda rəqabətqabiliyyətli deyil"
FED.az İqtisadiyyat Nazirliyinin məlumatına istinadən xəbər verir ki, “Made in Azerbaijan” stendlərində Azərbaycan istehsalı şərablar, mürəbbələr, kompotlar, nar şirəsi, narşərab, salatlar, çay satılır. Bununla yanaşı, marketlərin alış-veriş zallarında alıcıların diqqətini cəlb edən və stendlərə doğru istiqamətləndirən reklam banerləri asılıb.
Stendlərin ilkin olaraq 2 aylıq müddətinə yerləşdirilməsi nəzərdə tutulur və məhsulların satış göstəricilərindən asılı olaraq, müddət artırıla bilər.
Qeyd edək ki, Polşada fəaliyyət göstərən pərakəndə satış şəbəkələrində Azərbaycan istehsalı olan müxtəlif növ məhsulların vahid ölkə stendində satışı ilk dəfə təşkil olunur. “Made in Azerbaijan” stendlərindəki “Azersun Holding”, “Azgranata”, “Astaraçay”, “Aspi Agro”, “Marandi”, “Şərq ulduzu” MMC-lərin, “Abşeron Şərab” və “Göygöl Şərab Zavodu” ASC-lərin istehsalı olan məhsullar Varşavada fəaliyyət göstərən “Azərbaycan Ticarət Evi”nin dəstəyi ilə təqdim edilib.
Məlumat üçün bildirək ki, Fransanın “Carrefour S.A.” şirkəti dünyanın bir çox ölkələrində fəaliyyət göstərən aparıcı pərakəndə satış şirkətlərindəndir. Şirkət Polşa bazarında ilk marketini 1997-ci ildə açıb və hazırda 80-dən çox hipermarket, 160-dan artıq supermarket, 650-dən çox kiçik marketlərdən ibarət şəbəkəyə malikdir.