Azərbaycanda məhsulların maya dəyərinin yüksək olması rəqabət qabiliyyətinə mənfi təsir göstərir.
FED.az xəbər verir ki, Azərbaycan Sahibkarlar Konfederasiyasından (ASK) verilən məlumata görə, bu fikir ASK üzvləri ilə Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında keçirilən görüş zamanı sahibkarlar tərəfindən səsləndirilib. Sahibkarlar logistika qiymətlərinin də maya dəyərində xüsusi rolu olduğunu bildirib.
Eləcə də bax: Ötən il qida sahəsində daha - 10 MİN BİZNES QURULUB
Azərbaycanda investisiya qoymaq üçün bir neçə sahədəki perspektivləri IFC ilə bölüşən iş adamları, xarici investorları maraqlandıracaq arqumentlərlə çıxış ediblər.
Qeyd edək ki, ASK üzvləri ilə IFC arasında keçirilən görüş “Özəl sektorun inkişafı üçün mövcud olan imkanlar və məhdudiyyətlər”ə həsr olunub.
Görüşünün əsas məqsədi ölkədə qeyri-neft sektoru üzrə özəl sektorun prioritet sahələrinin müəyyən edilməsi və bu sahələr üzrə investisiya qoyulması üçün sahibkarlarla fikir mübadiləsi aparmaq olub.
IFC təmsilçisi Niharika Saçdeva son zamanlar Azərbaycanda aparılan islahatları müsbət qiymətləndirərək, sahibkarları qarşılaşdıqları problemlərin həlli istiqamətində görüləcək işlərlə bağlı fikir mübadiləsi aparmağa dəvət edib.
Müzakirələr zamanı Azərbaycanda son dövrdə qanunvericilik sistemində aparılan islahatlar nəticəsində sahibkarların qarşılaşdıqları problemlər və onların həlli yollarına toxunulub.
Tərəflər, həmçinin, müvafiq islahatlar çərçivəsində rəqabət imkanları, maliyyə resursları mənbələrinə çıxışda yaranan çətinlikləri, ucuz və qısamüddətli maliyyə mənbələrinin azlığı, xarici investorların daxili bazara inamsızlığı kimi önəmli məsələlərə toxunaraq fikirlərini bölüşüblər.
Apa