Dekabrın 14-də Bakıda İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO birgə təşkilatçılığı ilə Azərbaycan-İsveçrə biznes forumu keçirilib.
Azərbaycan və İsveçrənin qarşılıqlı investisiya qoyuluşu - AÇIQLANIB
FED.az xəbər verir ki, tədbirdə hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, sənaye, kənd təsərrüfatı, İKT, bank, səhiyyə, tikinti, logistika, nəqliyyat, maliyyə, qida və s. sahələrdə fəaliyyət göstərən iş adamları iştirak edib.
Forumda çıxış edən iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev bu il 30 ili tamam olan Azərbaycan Respublikası ilə İsveçrə Konfederasiyası arasında ikitərəfli münasibətlərin inkişafını qeyd edib, iqtisadi-ticarət əlaqələrinə dair məlumat verib. Nazirin birinci müavini biznes forumun iqtisadi tərəfdaşlığın genişlənməsinə, yeni imkanların yaranmasına töhfə verəcəyini vurğulayıb.
Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədri, İsveçrə Konfederasiyasının Ticarət Sazişləri üzrə Federal Şurasının nümayəndəsi, İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin İkitərəfli İqtisadi Əlaqələr İdarəsinin rəhbəri Ervin Bollinger ölkəsinin iş adamlarının Azərbaycan iqtisadiyyatına marağını ifadə edib, əməkdaşlığın genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin ölkəmizdə biznes qurmaq istəyən xarici iş adamlarına yerli tərəfdaşların tapılması, KOB-larla birgə layihələrin həyata keçirilməsi və digər istiqamətlərdə göstərə biləcəyi dəstək tədbirləri barədə danışıb.
AZPROMO-nun rəhbəri Yusif Abdullayev Azərbaycan və İsveçrə işgüzar dairələri arasında əlaqələrin önəmini qeyd edib, “Made in Azerbaijan” brendinin təşviqi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.
Ələt Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri Valeh Ələsgərov iqtisadi zonanın investisiya potensialına, AZPROMO-nun icraçı direktorunun müavini Zöhrab Qədirov Azərbaycanın biznes və investisiya imkanlarına, İsveçrə-Azərbaycan Ticarət və Sənaye Palatasının (SACCI) prezidenti Klaude Haegi, İsveçrə Birləşmiş Ticarət Palatasının (JCC) idarəedici direktoru Dorit Sallis, JCC-nin Azərbaycan bölməsinin rəhbəri Leyla Bağırzadə və “İSR Holdinq”in baş icraçı direktoru, SACCI-nin əməliyyatlar komitəsinin həmsədri Rauf Xəlilov hər iki ölkənin iş adamları arasında əməkdaşlığa dair təqdimatlarla çıxış ediblər.
Forum çərçivəsində iş adamları arasında ikitərəfli görüşlər keçirilib, tərəfdaşlığın genişləndirilməsi, yeni əlaqələrin qurulması barədə müzakirələr aparılıb.