Xəbər verildiyi kimi Qırğızıstan və Tacikistan sərhədində baş verən münaqişə nəticəsində Qırğızıstan tərəfində 40-a yaxın şəxs həlak olub. 140-a yaxın insan isə yaralanıb.
Qırğızıstan Prezidenti Sadır Japarov sentyabrın 19-nu Tacikistanla sərhəddə baş verən toqquşmalarda həlak olanlar üçün ümummilli matəm günü elan etmişdi.
FED.az xəbər verir ki, sentyabrın 19-da bununla bağlı Azərbaycanın iş adamları Qırğızıstanın Azərbaycandakı səfirliyində olaraq başsağlığı veriblər.
“Gəncə İş Adamları” İctimai Birliyinin sədri Zəfər Məmmədov, iş adamları İbrahim Mustafa, Elğün Namazlı, Celal Nağıyev, Aqil Eyvazov və başqaları səfirliyi ziyarət edərək Qırğız xalqına baş sağlığı veriblər. Qırğızıstanın Azərbaycandakı səfiri Kayrat Osmonaliyev iş adamları ilə görüşərək onlara dəstək üçün təşəkkür edib və Qırğızıstanda, xüsusilə də Tacikistanla sərhəddəki vəziyyətlə bağlı məlumatlandırıb.
Xatırladaq ki, sərhəddə baş verən münaqişə Tacikistanın Qırğızıstana qarşı ərazi iddiası (Batken bölgəsinə) ilə bağlıdır. Hadisə nəticəsində Qırğızıstan tərəfində 37 ölü və 129 yaralı var. Qırğızıstan hakimiyyəti 140 minə yaxın vətəndaşı təxliyə edib. Batken bölgəsində fövqəladə vəziyyət rejimi tətbiq edilib.