"Azərbaycanda kölgə iqtisadiyyatının xüsusi çəkisinin dinamikasını izləmək üçün Vergilər Nazirliyində ayrıca təhlil qrupu yaradılıb".
FED.az xəbər verir ki, bunu AZTV-nin "Günün nəbzi" verilişində vergilər naziri Mikayıl Cabbarov deyib.
"Bu qrupa makro və mikro iqtisadçılar daxildir. Onlar kölgə iqtisadiyyatının xüsusi çəkisinin dinamikasını izləyir və bu ilin I yarısının yekununda mövcud vəziyyət barədə ictimaiyyətə ətraflı məlumat təqdim edəcəyik", - deyə nazir qeyd edib.
Eləcə də bax: “Özəl investisiyaların həcminin artırılması Azərbaycana daha inklüziv inkişafa nail olmaq imkanı verəcək”
Onun sözlərinə görə, vergi ödəyicilərinə edilən güzəştlər hesabına "kölgədənçıxma" halları artmqdadır:
"Pərakəndə ticarət, ictimai iaşə və kənd təsərrüfatı məhsulları istehsalı sahələrində əmək müqavilələrinin sayının artması müşahidə edilir. Aqrar sektor xüsusilə qeyd olunmalıdır. Azərbaycanda kənd təsərrüfatı mənfəət vergisindən azad olunduğu üçün bu sahədə çalışanlar işçilərlə bağlı uçotun əhəmiyyətinə diqqət yetirməyiblər. Burada məlumatsızlıq da rol oynayır, amma bir sıra hallarda biznes sahibləri şüurlu şəkildə "kölgəyə çəkilməyə" üstünlük veriblər. Bilmək lazımdır ki, dövlət buna göz yummayacaq. Çünki, uçotdan yayınma rəqabətin pozulmasına, qanunla işləyənin xərclərinin və son nəticədə istehsal etdiyi məhsulun maya dəyərinin yüksək olmasına gətirib çıxarır".
Nazir onu da bildirib ki, bu ilin ilk 4 ayında Azərbaycanda 58 min yeni əmək müqaviləsi dövlət qeydiyyatından keçirilib, ötən ilin eyni dövrü ilə müqayisədə ticarətdə rəsmi dövriyyə 24%, o cümlədən pərakəndə ticarətdə 35%, ictimai iaşədə rəsmi dövriyyə isə 15% artıb.
"Bunlar kifayət qədər müsbət göstəricilərdir", - deyə M.Cabbarov əlavə edib.