Azərbaycanın ən böyük siqaret istehsalçısı olan "Tabaterra" və "JTİ" şirkətləri arasında qlobal siqaret brendlərinin Gürcüstana ixracı barədə razılıq əldə olunub.
FED.az xəbər verir ki, dünyanın qabaqcıl tütün məmulatları istehsalçısı olan Japan Tobacco International (JTİ) və Tabaterra QSC arasında JTİ şirkətinin qlobal brendlərinin Azərbaycanda istehsal olunaraq Gürcüstana ixrac edilməsi üçün razılaşma əldə edilib. Strateji tərəfdaşlıq çərçivəsində JTİ şirkətinə məxsus Gürcüstanda satılan Sobranie, Winston və Camel kimi dünyaca məşhur brendlər artıq Tabaterra tərəfindən Azərbaycanda istehsal olunacaq.
Tabaterra QSC-nin Direktoru Elman Cavanşir bildirib ki, "Tabaterra" şirkəti JTİ ilə qlobal brendlərin istehsalı, o cümlədən də ixracı ilə bağlı tərəfdaşlığımızdan çox məmnundur: "İmzalamış olduğumuz ixrac sazişi Tabaterranın beynəlxalq standartlara uyğun yüksək keyfiyyətli məhsullar istehsal etdiyinin bariz nümunəsidir. Bu bizim beynəlxalq istehsalçı kimi mövqeyimizi möhkəmləndirməklə yanaşı ixrac imkanlarımızı daha da genişləndirir. Sözügedən ixrac sazişi Azərbaycan iqtisadiyyatına, eləcə də ölkəmizdə yerli istehsala əhəmiyyətli töhvə verəcək. Belə ki, bu razılaşma ölkəmizə illik olaraq 13 milyon ABŞ dolları civarında valyuta axınını təmin edəcək” -deyə Elman Cavanşir bildirib.
JTİ-nin Belarus və Qafqaz regionu üzrə Baş Direktoru Sergey Buksa isə qeyd edib ki, "Tabaterra QSC ilə imzalanan ixrac razılaşması JTİ şirkəti üçün Gürcüstan bazarında mövqeyinin möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir: "Biznes tərəfdaşımız olan "Tabaterra"nın təcrübəsinə və istehsal imkanlarına əmin olaraq, biz Sobranie, Winston və Camel kimi dünyəvi brendlərimizi Azərbaycanda istehsal etməklə onların daha qısa zaman kəsiyində gürcü istehlakçıları üçün əlçatanlığını təmin edəcəyik. İmzalamış olduğumuz ixrac sazişi Azərbaycan və Gürcüstan arasında olan ticarət dövriyyəsinin artmasına öz töhvəsini verəcək"- deyə Sergey Buksa bildirib.
"Tabaterra" QSC istehsal etdiyi məhsulların keyfiyyət parametrlərinə görə JTİ şirkəti ilə müqavilə və lisenziya əsasında əməkdaşlıq edən beynəlxalq fabriklər arasında daima lider mövqe tutur. Bu nailiyyət Tabaterra-nın davamlı olaraq yüksək keyfiyyət və istehsal standartlarına sadiqliyinin göstəricisidir.
Qeyd edək ki, “Tabaterra” QSC 17 noyabr 2017-ci il tarixində Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyatdan keçmişdir və öz məhsulları ilə yanaşı, Japan Tobacco International, British American Tobacco və Imperial Tobacco Group kimi şirkətlərin lisenziyası əsasında müxtəlif adda beynəlxalq tütün məmulatları istehsal edir.
JTI 130-dan çox ölkədə fəaliyyət göstərən beynəlxalq tütün və vapinq şirkətidir. Şirkət tütün məmulatlarının geniş çeşidinin, o cümlədən siqaret, siqar, yayma tütün, elektron siqaret və qızdırılan tütün məmulatlarının istehsalı və marketinqinə fokuslanıb. Şirkətin baş ofisi İsveçrənin Cenevrə şəhərində yerləşir. JTI, Sobranie, Winston, Camel, LD, Logic və Ploom kimi məşhur brendlərin sahibidir.