“Azərbaycan son illər Gürcüstanın ən iri dizel yanacağı tədarükçüsüdür”. FED.az xəbər verir ki, Gürcüstanın nüfuzlu “Commersant” nəşri yazır ki, ötən il Gürcüstan ən çox Azərbaycandan - 197 600 ton dizel alıb.
Məqalədə bunun səbəbi kimi Azərbaycanın qonşu ölkə olması və adıçəkilən yanacağın ənənəvi tədarükçüsü olması göstərilir: “Azərbaycandan idxal olunmuş dizel (Evro-4) 15-18 tetri ucuzdur. Bundan başqa 90-cı illərdən başlayaraq Azərbaycan tərəfdən yanacağın çatdırılmasında heç bir pozulma olmayıb. 2008-ci il avqust müharibəsi dövründə də bir neçə ay ərzində Qara dəniz akvatoriyası praktiki olaraq iflic olduğundan ölkə yanacağı dəniz yolu ilə tədarük edə bilmirdi. O zaman Gürcüstan Azərbaycandan dəmir yolu vasitəsilə tədarükün hesabına yanacaq defisitini aradan qaldıra bildi və ağır dövrdə bir neçə min tonluq həcmdə dizel yanacağı ehtiyatı yarada bildi,” - deyə məqalədə qeyd olunub.
Yazıda Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyinin məlumatına istinadla qeyd olunub ki, 2017-ci ildə ölkəyə 563 200 ton dizel yanacağı idxal olunub. Azərbaycanın qonşu ölkənin ümumi dizel yanacağı idxalında payı 35,1% təşkil edib.