Azərbaycanda iri şirkətlərin rəhbərləri bizneslərini inkişaf etdirmək üçün ən vacib ölkələr kimi Rusiya və Türkiyəni görürlər. FED.az xəbər verir ki, bu barədə «Prays Vaterhaus Kupers» şirkətinin yerli şirkətlərin rəhbərləri arasında apardığı sorğuda məlum olub.
«Rəhbərlik etdiyiniz təşkilatın qarşıdakı 12 ay ərzində inkişafı perspektivləri baxımından hansı 3 ölkəni vacib hesab edirsiniz?» sualına rəyi soruşulanların 40,5%-i Rusiyanı, 39,2% isə Türkiyəni qeyd edib. Başqa sözlə, şirkət rəhbərləri öz bizneslərinin kişafı baxımından bu iki ölkəyə sərmayə yatırılmasını və ya həmin ölkələrlə əlaqələri daha vacib sayıb.
Ümumilikdə isə şirkət rəhbərləri 5 ölkənin adını daha çox çəkiblər – Rusiya (40,5%), Türkiyə (39,2%), ABŞ (17,6%), Çin (14,9%), Almaniya (14,9%).
Bunlardan iki ölkə Azərbaycanın yaxın qonşuları, 3 ölkə isə dünya iqtisadiyyatının aparıcı gücləridir.
Maraqlıdır ki, əvvəlki illərlə müqayisədə üçünxcü yerlə bağlı dəyişiklik var. Belə ki, 2015-ci ildə keçirilən sorğuda 3-cü yeri İran, 2017-ci ildə isə Çin tutmuşdu.